Elmi şurada yeni tədris ilində qarşıda duran məsələlər müzakirə edilib

Gəncə Dövlət  Universitetində (GDU) Elmi şuranın 2017-2018-ci tədris ili üçün ilk – 1 saylı iclası keçirilib.

Əvvəlcə  universitetin rektoru, professor Yusif Yisibov şura üzvlərini gündəlikdəki məsələlər barədə məlumatlandırıb. Şura üzvləri tərəfindən gündəlikdə duran məsələlər səsə qoyulub və qəbul edilib.

Sonra Yusif Yusibov 2016-2017-ci tədris ilinin yaz və yay imtahan sessiyasının yekunu və yeni tədris ilində qarşıda duran vəzifələr haqqında məlumatla çıxış edib.

İnzibati təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənov universitetin maddi-texniki bazasının genişləndirilməsi və aparılmış təmir işləri haqqında hesabat verib.

Elmi katib tərəfindən Azərbaycan tarixi kafedrasının dosenti elmi adını almağa dair vəsatət qaldırırılıb və Elmi şurada keçirilən səsvermənin nəticələrinə əsasən həmin kafedranın müəllimi Sevinc Bağırovanın sənədləri Ali Attestasiya Komissiyasına göndərilib.

Sonda rektor Yusif Yusibov universitetin yeni elmi ad almış əməkdaşları – Ofeliya Müslümovaya Filologiya üzrə fəlsəfə doktoru, Bahar Hacıyevaya Texnika üzrə fəlsəfə doktoru və Aynur Həsənovaya Pedaqogika üzrə fəlsəfə doktoru diplomlarını təqdim edib və gənc alimlərə gələcək elmi, pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.

Bununla da Elmi Şuranın 1 saylı iclası yekunlaşıb.