Şuşada keçirilən Qlobal Media Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm tədbirdir

          İyulun 21-də mədəniyyət paytaxtımız Şuşa “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumuna ev sahibliyi etdi. “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə keçirilən Forum ölkə başçısı Cənab İlham Əliyevin dərin məzmunlu çıxışı ilə yadda qaldı. Konfransda Azərbaycanın region və dünyadakı rolu vurğulandı, həmçinin dövlətimiz üçün prioritet olan istiqamətlər bir daha yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.

        Ölkə başçısı Cənab İlham Əliyevin Qlobal Media Forumunda çıxışı müasir Azərbaycan və dünya reallıqlarının təhlili baxımından ciddi əhəmiyyət kəsb edirdi. Forumun məhz Şuşada keçirilməsi və Azərbaycan Prezidentinin bu mötəbər tədbirdən verdiyi mesajlar diqqət cəlb edir. Dövlətimizin başçısı ölkəmizdə və dünyada baş verənlərə strateji yanaşmasını nümayiş etdirdi, yerli və qlobal xarakterli problemlərin həlli yollarına dair fikirlərini səsləndirdi.

     İyulun 22-də öz işini sessiyalarla davam etdirən Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə aktual olan məsələlər müzakirə edildi.

   Şuşa Qlobal Media Forumunda rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, digər məsələlərlə bağlı aparılan müzakirələr, irəli sürülən təkliflər dünya mediasının inkişafına mühüm töhfələr verəcək.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti