Tədris ilinə hazırlıq və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib
04 sentyabr 2025-ci il tarixdə Gəncə Dövlət Universitetində (GDU) 2025/2026-cı tədris ilinə hazırlıq və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
İclasda universitet rəhbərliyi, departament direktorları, fakültə dekanları və kafedra müdirləri iştirak ediblər.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov yeni tədris ilinin başlaması münasibətilə kollektivi təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.
Rektor Yusif Yusibov ali təhsil ocağında əldə edilən uğurlar, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların hazırlanması üçün yaradılan şərait, infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi barədə ətraflı danışıb. Rektor tədrisin keyfiyyətinin yüksəldilməsi, tədris yükünün bölüşdürülməsi, kadrların təkmilləşdirilməsi, auditoriyaların tədris prosesinə hazırlığı, universitetdaxili nizam-intizam qaydalarına ciddi riayət olunması və s. məsələlərlə bağlı müvafiq tapşırıqlarını verib. Bununla yanaşı qarşıda duran perspektiv məsələləri diqqətə çatdırıb.
İclasda İnnovasiyalar Departamentinin direktoru, Operativ işçi qrupunun rəhbəri Vasif Həsənov Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən təşkil olunan Akkreditasiya Komissiyasının Yekun Hesabatına əsasən verilən tövsiyələrin yerinə yetirilməsi məqsədilə Gəncə Dövlət Universitetində görülmüş işlər barədə ətraflı məlumat verib və tövsiyələrin icrası ilə bağlı həyata keçiriləcək məsələləri də diqqətə çatdırıb.
Tədris Departamentinin direktoru Elturan Yusifov fakültə dekanlıqlarının yeni tədris ilinə hazırlıq üçün görəcəyi işlər, tədris planlarında seçmə fənlərin yenilənməsi, müəllimlərin dərs yüklərinin dəqiqləşdirilməsi, yeni fənlərin əlavə edilməsi, dərs cədvəllərinin hazırlanması, gənc müəllimlər üçün yeni metodika, rəqəmsal tədris platformaları üzrə qısa təlimlərin təşkili, GDU-ya yeni qəbul olan tələbələrin inteqrasiyası və s. barədə çıxış edib.
İclasda qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti




