Təhsil Tələbə Krediti Fondunun nümayəndələri Gəncə Dövlət Univeritetində görüş keçiriblər
Təhsil Tələbə Krediti Fondunun (TTKF) nümayəndələri Gəncə Dövlət Universitetinin (GDU) tələbələri ilə görüş keçiriblər.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək görüşün əhəmiyyətindən danışıb, dövlətin təhsilə və gənclərə qayğısından, bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs edib.
Tədbirdə çıxış edən Təhsil Tələbə Krediti Fondunun (TTKF) Təhsil məsələləri üzrə iş şöbəsinin baş mütəxəssisi Günay Xəlilova kreditlərin verilməsinin şərtləri, mərhələləri və kredit şərtlərinin üstünlükləri barədə ətraflı məlumat verib. Bildirib ki, Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondunun əsas missiyası təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılmasıdır. O da vurğulanıb ki, Təhsil Tələbə Krediti Fondu fəaliyyətə başladığı dövrdən Gəncə Dövlət Universitetinin tələbələri daha fəal olmuşdur.
Gəncə Dövlət Universitetinin Tədrisin təşkili və idarə olunması sektorunun müdiri, Təhsil Tələbə Krediti Fondunun Universitet üzrə məsul nümayəndəsi Sevinc Quliyeva mütəmadi olaraq tələbələr arasında geniş maarifləndirmə işlərinin aparıldığını və fond tərəfindən daxil olan məlumatların vaxtında gənclərin diqqətinə çatdırıldığını bildirib.
Görüşün sonunda təhsil kreditlərinin verilməsi ilə bağlı tələbələrin sualları ətraflı cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti