Tələbələr zərərli vərdişlərin mənfi təsirləri barədə maarifləndirilib

Gəncə Dövlət Universitetində Pedaqoji, Fizika və texniki fənlər fakültələrinin  birgə təşkilatçılığı ilə “Sağlam gələcək naminə narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva giriş sözü ilə çıxış edərək  bildirib ki,  tədbirin keçirilməsində məqsəd narkomaniyanın yaratdığı problemlər mövzusunda gəncləri maarifləndirmək, onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir.  Prorektor ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən ətraflı bəhs edib və Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”ının əhəmiyyətindən danışıb.

 Fizika və texniki fənlər fakültəsinin dekanı Muğan Quliyev, ÜTF və texnologiya kafedrasının müdiri Elçin Cavadov, Psixologiya kafedrasının müdiri Zümrüd Cavadova, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Kəpəz Ailə Sağlamlıq Mərkəzinin həkimləri Tükəzban Məmmədova və Rəna Kərimova çıxışında tütün, alkaqol, psixotrop və digər zərərli vərdişlərin insan sağlamlığına olan zərərləri və riskləri haqqında məlumat verərərk cəmiyyətin sağlam olması üçün gənclərin zərərli vərdişlərdən uzaq durmalı olduqlarını vurğulayıblar.

     Tədbirdə narkotik vasitələrin yaratdığı fəsadlardan bəhs edən video-çarx nümayiş etdirilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti