Təhsil Nazirliyinin ATM-nin Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş üzrə məsul şəxsləri ilə ənənəvi görüşü keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş üzrə fəaliyyət göstərən məsul şəxsləri ilə onlayn formatda görüş keçirildi.

Görüşün əsas məqsədi Azərbaycan ali təhsil müəssisələrinin beynəlmiləlləşməsi prosesində mövcud vəziyyəti, beynəlxalq fəaliyyəti ilə yaxından tanış olmaq və bu fəaliyyətin Təhsil Nazirliyi ilə daha səmərəli şəkildə əlaqələndirilməsini təmin etmək, həmçinin əcnəbilərin ölkəmizdə təhsili və təşviqi, prosesin idarəolunması və yeni çağırışları müzakirə etmək idi.

Onlayn görüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov və Nazirliyin digər rəsmiləri iştirak edirdilər. Təhsil Nazirliyi Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Tural Əhmədov açaraq, iştirakçıları salamladı və sözü Təhsil nazirinin müavini Firudin Qurbanova verdi. Firudin Qurbanov Təhsilin beynəlmiləlləşməsi və əcnəbi vətəndaşların ölkəmizin ATM-lərinə cəlb olunması sahəsində dövlət qanunvericiliyində nəzərdə tutulmuş geniş imkanlardan danışdı, eyni zamanda bu siyasətin ölkənin iqtisadi cəhətdən möhkəmlənməsində də mühüm əhəmiyyət kəsb etdiyini xüsusilə vurğuladı.

Bununla yanaşı, Təhsil nazirliyi əməkdaşları tərəfindən ölkəmizdə təhsil alan əcnəbi tələbələrin ölkələr, universitetlər və təhsil səviyyələrinə uyğun statistikalarını əks etdirən təqdimatlar nümayiş etdirildi və əcnəbi tələbələrin sayının artırılması üçün tapşırıq, tövsiyyələrini verdilər.

Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Mujdat Həsənov və ali təhsil müəssisələrində beynəlxalq əlaqələr üzrə fəaliyyət göstərən prorektor, şöbə müdirləri, əcnəbi tələbələrlə iş üzrə dekanlar və digər məsul şəxslərin iştirak etdiyi görüşdə Gəncə Dövlət Universitetindən Elm və innovasiyalar üzrə prorektor dosent Pərvin Kərimzadə və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov iştirak etdilər.

Görüş  sual-cavab formatında yekunlaşıb.