Universitetdə Dahi Şəxsiyyət, Ulu Öndər Heydər Əliyev anım günü qeyd edilib

Universitetdə Ulu Öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümü münasibətilə “Ümummilli lider Heydər Əliyevin anım günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetin rektoru professor Yusif Yusibov bildirib ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynayıblar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb.

Bu gün Ulu Öndərin siyasi irsinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyindəki qüdrətli  Azərbaycan Ordusu noyabrın 8-də məhz bəzilərinin ehtimal belə etmədiklərini reallığa çevirdi – Qafqazın qədim mədəniyyət mərkəzi, Azərbaycanın incisi Şuşa şəhəri düşməndən azad edildi. 44 gün davam edən Vətən müharibəsində  Qüdrətli ordumuzun rəşadəti bütün dünyanı heyran etmişdir. Düşmən əsarətində olan Azərbaycan torpaqları geri qaytarıldı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinin həm siyasi, həm də hərbi arenada Azərbaycanın şanlı qələbəsi ilə yekunlaşdı.

Anım tədbirində Universitetin Humanitar məsəslələr üzrə prorektor Gülsüm Fətəliyevanın “Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi” , Kimya kafedrasının müdiri Aynur Məmmədovanın “Heydər Əliyev və Azərbaycan tarixi” , Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadənin “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı məruzələri dinlənilmişdir.

Məruzəçilər xalqımızın böyük oğlu Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə gördüyü işlərdən, xalqımız qarşısında misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli fəaliyyəti böyük bir məktəbdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlayıb, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.

Tədbirin sonunda Filologiya fakültəsinin 3-cü kurs tələbəsi Elvira Novruzova Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Ulu öndərimiz” şeirini  söyləyib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti