Təhsil Tələbə Krediti Fondunun əməkdaşları tələbələrlə görüş keçriblər

Təhsil Tələbə Krediti Fondunun rəyasət heyətinin sədr müavini Tahir Xələfov və Maliyyə iqtisad şöbəsinin baş mütəxəssisi Məmmədəli Abdin Gəncə Dövlət Universitetində tələbələrlə görüş keçiriblər.

   Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

   Görüşdə Gəncə Dövlət Universitetinin Tədrisin təşkili və idarə olunması sektorunun müdiri, Təhsil Tələbə Krefiti Fondunun Universitet üzrə məsul nümayəndəsi Sevinc Quliyeva qonaqları salamlayaraq təhsil sahəsində həyata keçirilən layihələrdən danışıb. Bildirib ki, Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinin əsas məqsədi təhsilin əlçatanlığını təmin etməkdir. Sevinc Quliyeva onu da vurğulayıb ki, mütəmadi olaraq tələbələr arasında geniş maarifləndirmə işləri aparılır, fond tərəfindən daxil olan məlumatlar vaxtında gənclərin diqqətinə çatdırılır.  

Təhsil Tələbə Krediti Fondunun rəyasət heyətinin sədr müavini Tahir Xələfov və fondun baş mütəxəssisi Məmmədəli Abdin çıxış edərək kreditlərin verilməsinin şərtləri, mərhələləri və kredit şərtlərinin üstünlüklərindən ətraflı məlumat veriblər. O da qeyd edilib ki, Təhsil Tələbə Krediti Fondu fəaliyyətə başladığı dövrdən Gəncə Dövlət Universiteti fəallıq göstərib.

Fondun məsul əməkdaşları kreditlərdən yararlanma səviyyəsi üzrə GDU tələbələrinin qabaqcıl sıralarda olduğunu diqqətə çatdırıblar və buna görə universitet rəhbərliyinə, o cümlədən məsul şəxsə təşəkkürlərini bildiriblər.

Sonda təhsil kreditlərinin verilməsi ilə bağlı tələbələrin sualları ətraflı cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti