GDU-da akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

     Gəncə Dövlət Universitetində görkəmli oftalmoloq-alim və ictimai xadim akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

      Azərbaycanın Dövlət Himni ilə başlayan tədbirdə Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

      Sonra akademik Zərifə Əliyevanın həyat yolu və elmi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

      Tədbiri Gəncə Dövlət Universitetinin prorektoru, dosent Gülsüm Fətəliyeva  giriş sözü ilə açaraq Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında əvəzsiz xidmətlərindən ətraflı bəhs edib. Prorektor qeyd edib ki, görkəmli alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir.

      Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxış edərək akademik Zərifə Əliyevanın zəngin mənəvi keyfiyyətləri, oftalmologiya elminin inkişafındakı xidmətlərini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanda ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparıb.  Oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə görə professor Zərifə Əliyeva ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb.

     Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın həkimi Tükəzban Məmmədova çıxışında bildirib ki, Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar və qazandığı nailiyyətlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

     Tədbirdə rektorun baş müşaviri Asif Cavadov, Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev,  Fiziki tərbiyə, çağrışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının baş müəllimi  Şahniyar  Abbasova, Azərbaycan və dünya ədəbiyyatı  kafedrasının baş müəllimi Həmid Abbasov çıxış ediblər. Qeyd edilib ki, həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti