“Tələbə mediası” layihəsinin son mərhələsi keçirilib

Noyabr ayının 17-21 tarixlərində Bakı şəhərində GDU, LDU, MDU tələbələrinin iştirakı ilə “Tələbə mediası” adlı  layihənin 3-cü, yəni son mərhələsi keçirilib. Layihə İqtisadi və Sosial İnkişaf Mərkəzinin(CESD), Beynəlxalq Media və Mədəni Mübadilə İnstitutunun (İDEM) təşkilatçılığı və Almaniya Xarici İşlər Nazirliyinin (Şərq Tərəfdaşlığı Layihəsi çərçivəsində) maliyyə dəstəyi ilə reallaşıb. Təlimlərdə Gəncə Dövlət Universitetindən iki təlimçi və 15 tələbə iştirak edib. Layihədə GDU-nun İnformasiya Kommunikasiya Texnologiyaları şöbəsinin müdiri Asif Həsənov, Marketinq mütəxəssisi Maqsud Vəliyev yerli,  jurnalist Dr. Ulrike Fişor-Butmaloiu, treyninqlərin aparıcısı və fotojurnalist Marcus Andreas-Mohr xarici təlimçi, Elnurə Civəzadə isə tərcüməçi qismində iştirak edib. 35 nəfərdən ibarət komandaya fotojurnalistikanın əsasları, şəkil, video çəkmək, montaj etmək, daha dəqiq və etibarlı mənbələrdən xəbər toplamaq, hazırlamaq və s. kimi vərdişlər öyrədilib.  5 gün ərzində tələbələrə praktiki məşğələlər keçirilib, yerli və xarici təlimçilər tərəfindən onlara əyani qrup işləri tapşırılıb.

Təlimin ilk günü yerli təlimçilərdən olan Emin Tağıyev tələbələrə onlayn media üçün məzmun hazırlanması, başlıqlar, açar sözlər haqqında, Arif Əliyev isə mətnə giriş, cümlənin uzunluğu, vasitəli-vasitəsiz nitq haqqında məlumat verib. Gün sonunda tələbələr Emin Tağıyevin köməyilə onlayn media yaradıb, hazır mətn və şəkilləri sayta əlavə ediblər. Bütün bu işlərin icrası zamanı jurnalist Aynur Kərimova da gənclərlə birgə olub, onlara köməklik göstərib.

Təlimin irəliləyən günlərində  isə tələbələr ADA universitetinə ekskursiya edərək təlimlərə qatılıblar. Burada İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Dr. Anar Vəliyev tələbələrə təlim keçib. Təlimdə o, datanın nə olduğu, data və məlumat arasındakı fərqlər, daha düzgün məlumatın əldə olunması üçün istifadə edilə biləcək saytlar və s. haqqında biliklərini tələbələrlə bölüşüb.

Daha sonra gənclər Asan radio, İTV, Telegraf, PressKlub kimi saytların iş rejimi ilə yaxından tanış olublar. Asan radioya səfər zamanı tələbələr radiounun iş rejimi ilə yanaşı, musiqi və mətn redaksiyası, günün əsas xəbər buraxılışları, məlumatların tapılması, xəbərin hazırlanması, eləcə də,  efirə hazırlıq ilə bağlı praktiki biliklərə yiyələniblər.

      İTV kanalına səfər edən tələbələr isə canlı xəbəri yerində izləyib,  kanalın qrim otağı, xəbər otaqları və s. ilə yaxından tanış olub, onları maraqlandıran suallara cavab alıblar.

Təlimin son iki günündə Asan radionun direktoru Emin Müsəvi də tələbələrlə birlikdə olub. Tələbələrə Asan radionun necə yarandığı, iş prinsipi, o cümlədən, müxtəlif ixtisaslardan olan gənclərin də bu sahədə uğur qazana biləcəyi barədə məlumat verib.

Təlimin sonunda hər bir tələbə öz hazırladığı məqaləni yerli və alman təlimçilərinin köməyilə yaradılan studentmedia.az saytına yerləşdirib və bununla da, Azərbaycanda ilk dəfə olaraq, tələbələrin maraq dairəsinə və problemlərinə köklənən media yaradılıb.

Bakı səfəri zamanı tələbələr təkcə praktiki məşğələrlə məşğul olmayıblar, eyni zamanda təlimçilərlə birgə əyləncəli vaxt keçirib, müxtəlif qruplarda işləyib, əməkdaşlıq ediblər.

Sonda tələbələrin hər birinə sertifikat təqdim edilib.