Tələbələr arasında Alman Akademik Mübadilə Xidmətindən istifadə edənlərin sayı artıb

Gəncə Dövlət Universitetində DAAD-la (Alman Akademik Mübadilə Xidməti) imtahan verən tələbələrin sayı artıb.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, Alman Akademik Mübadilə Xidmətinin akademik müşaviri Rəna Hüseynova və xidmətin əməkdaşı Daniyela Modesti Gəncə Dövlət Universitetindəki alman dili kafedrasının fəaliyyəti ilə yaxından tanış olmaq üçün təhsil ocağında olub və DAAD yay kurslarında iştirak üçün sənəd verən tələbələrdən dil imtahanı götürüblər.

Əvvəlcə tələbələrə məlumat verilib ki, DAAD (Alman Akademik Mübadilə Xidməti) tələbə və elm işçilərinin beynəlxalq mübadiləsi ilə məşğul olan dünyanın ən böyük təqaüd təşkilatıdır. Təqaüdlər tam olaraq Almaniya dövləti tərərfindən maliyyələşdirilir.

Qeyd edilib ki, dünyanın bütün ölkələrində məlumat mərkəzləri vasitəsilə təmsil olunan DAAD-ın Bakı şəhərində Məlumat Mərkəzi fəaliyyət göstərir. Məhz Bakı Məlumat Mərkəzi Azərbaycanın və Almanyanın bütün ali təhsil müəssisələri arasında körpü rolunu oynayır.

Çıxış edən DAAD əməkdaşları gələcəkdə ali təhsil müəssisəsinin Alman dili ixtisasında təhsil alan tələbələrin nitq bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təlimlərin təşkil edilməsində maraqlı olduqlarını deyiblər.

Sonra Gəncə şəhərində fəaliyyət göstərən universitetlərin tələbələri imtahanda iştirak ediblər.

Sonda Gəncə Dövlət Universitetinin Alman dili müəllimliyi üzrə 5 nəfər, Azərbaycan Dövlət Aqrar Universitetinin isə 2 nəfər tələbəsi yay proqramı üzrə təqaüd proqramının qalibi olub.

.