Tələbələrimiz Azərbaycan Könüllülərinin V Həmrəylik Forumunda iştirak ediblər

     Bakı şəhərində  “Azərbaycan Könüllülük Həftəsi 2022” layihəsi çərçivəsində “Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu” keçirilib.

    Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində keçirilən Forumda Gəncə Dövlət Universitetinin bir qrup fəal tələbəsi də iştirak edib.

  Forum ölkədə fəaliyyət göstərən könüllü təşkilatlarının sərgisi ilə başlayıb. Sərgi zamanı təşkilatların fərdi stendlərində Azərbaycan könüllülərinin müxtəlif sahələrdə fəaliyyəti və nailiyyətləri ilə bağlı məlumatlar nümayiş olunub.

   5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə keçirilən Forumun rəsmi açılış hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  Formda AKTİ-nin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, həyata keçirilən 500-ə yaxın layihədə on minlərlə gənc iştirak edib. Bu fəaliyyətlər ölkənin 65 şəhər və rayonunu əhatə edib. 

   Tədbirdə  AKTİ-nin müxtəlif sahələrdə könüllülərin fəaliyyətini əks etdirən hesabatlar təqdim edilib. İl ərzində fəallığı fərqlənmiş gənc könüllülər “İlin Könüllüsü” mükafatı ilə təltif olunub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti