Tələbələrimiz innovasiya və sahibkarlıq bacarıqlarının inkişafına yönəlmiş proqramda uğurla iştirak edib

Gəncə Dövlət Universitetinin Kimya və Biologiya fakültəsinin tələbələri Zeynəb Nağıyeva və Zəhra İsgəndərova Azərbaycanda gənclərin innovasiya və sahibkarlıq bacarıqlarının inkişafına yönəlmiş “Youth Empowerment Through Innovation” proqramını uğurla başa vurublar.

AIM Projects və The Stirling Foundation tərəfindən təşkil olunmuş yeddi həftə davam edən proqram çərçivəsində gənclər innovasiya, sahibkarlıq, layihələrin hazırlanması, biznes modellərinin qurulması və təqdimat bacarıqları üzrə intensiv təlim və mentorluq dəstəyi alıblar.

Proqramın yekununda yüksək nəticə göstərən GDU-nun tələbələri müsahibə mərhələsinə dəvət olunublar. Tələbələrimiz müsahibə mərhələsini uğurla başa vurduğu təqdirdə, ABŞ-da, o cümlədən Silicon Valley və Silicon Slopes ekosistemlərində iki həftəlik innovasiya təcrübəsində iştirak etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, proqram çərçivəsində 25 komanda və 50 iştirakçı 7 həftə ərzində innovativ ideyalar üzərində işləyib, mentorluq dəstəyi alıb və final mərhələsində isə  layihələrini ekspertlər qarşısında təqdim edib. Proqram gənclərdə innovasiya düşüncəsini inkişaf etdirmək, təsiryönümlü startap ideyalarını dəstəkləmək və iştirakçıları beynəlxalq innovasiya ekosistemlərinə hazırlamaq məqsədi daşıyır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti