Tanınmış şair Simax Şeydaya həsr olunmuş ədəbi-bədii gecə
Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə tanınmış uşaq şairi, dramaturq, Azərbaycan və İsrail Yazarlar birliyinin üzvü Simax Şeydaya həsr olunmuş tədbir keçirilib.
Tədbirdə videoçarx vasitəsilə şairin ömür və yaradıcılıq yoluna nəzər salınıb, Azərbaycan poeziyasının qüdrətli yaradıcılarından biri olan Nəriman Həsənzadəninşair dostu haqqında xatirələri dinlənilib.
Daha sonra Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Səba Namazova, dosent Nəzmiyə Axundova, yazıçı-publisist, politoloq Reyhan Mirzəzadə AMEA-nın Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitutu, Ədəbiyyat şöbəsinin müdiri Ruziyə Quliyeva, Gəncə Dövlət Universitetinin dosenti Sevda Əliyeva, filologiya üzrə fəlsəfə doktoru Aynur Novruzova çıxışlarında qeyd ediblər ki, tanınmış şair həmişə ona doğma və əziz olan Azərbaycan türkcəsində yazıb-yaradıb. Onun 34 kitabından 11-i uşaqlara həsr olunub.
Ədəbi-bədii gecədə Filologiya fakültəsinin tələbələrinin və Gəncə və Samux məktəblilərinin ifasında şairin qələmə aldığı şeirlər, eləcə də mahnılar dinlənilib.
Sonda şairin Almaniyada yaşayan ailə üzvlərinin videobağlantı vasitəsilə ürək sözləri dinlənilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti