TEMPUS-ESFİDİP LAYİHƏSI ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ GÖRÜŞ


27-29 aprel 2015-ci il tarixdə koordinatorluğunu etdiyi Xəzər Universitetində “Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFİDİP) adlı Tempus layihəsi çərçivəsində iş planı üzrə növbəti görüş keçirilmişdir.
Yerli universitetlərlə birlikdə Avropalı tərəfdaşların da iştirak etdiyi görüşün əsas məqsədi əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiya olunmaları üçün əsasnamə və nizamnamənin yazılma qaydaları haqqında birgə müzakirələr edib, yekun sənədin hazırlanması idi.
Tədbirdə Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Xəzər universiteti, Azərbaycan Respublikası Təhsil Nazirliyi (TN), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Azərbaycan Respublikası Əlil Təşkilatlar İttifaqının (ƏTİ), həmçinin Avropalı tərəfdaşlardan Yunanstan Respublikasının Makedoniya Universiteti, Polşa Respublikasının Lodz Universiteti, Avstriya Respublikasının Qraz Universiteti və “Avropa Insan Hüquqlarına Məsləhət” təşkilatının nümayəndələr iştirak edirdilər.
Bu görüşdə universitetimizi beynəlxalq əlaqələr şöbəsinin müdiri, universitet üzrə yerli koordinator Ruslan Məmmədov, benəlxalq əlaqələr şöbəsinin baş metodisti Farizə İsmayılzadə və informatika kafedrasının müəllimi Vasif Həsənov təmsil edirdilər.
Tədbirdə ilk öncə yerli tərəfdaş universitetlər layihə çərçivəsində görülən işlər, Avropadakı tərəfdaş universitetlərinə səfərləri haqqında təqdimat etdilər. Daha sonra  layihə əsasında hazırlanmış “Əsasnamə” və “Təlimat qaydaları”nın hazırlanması barəsində müzakirələr oldu.
Sonrakı gün əsasnamənin son versiyası hazırlandı. Günün sonunda layihə koordinatorluğu tərəfindən yerli və Avropalı tərəşdaşlarla birgə layihə çərçivəsində görüləcək işlər haqqında müzakirələr edildi.
Növbəti tədris ilinə qədər layihəyənin iş planında nəzərdə tutulan qaydada “Əlilliyi olan şəxslərin” mərkəzlərinin açılması gözlənilir. Bu mərkəz qərb bölgəsi üzrə ali təhsil müəssisələrində həm xüsusiliyi, həm də göstərəcəyi xidmətlər üzrə yeganə olacaqdır.