“Thomson Reuters” NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

20 oktyabr 2016-cı il tarixdə “Thomson Reuters” portalının Elmi tədqiqatlar və intellektual mülkiyyət departamentinin Təhsil Proqramları şöbəsinin müdiri Valentin Boqorov və  portalın Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə Gəncə Dövlət Universitetinin qonağı olmuşdur. Qonaqları Universitetin rektoru professor Yusif Yusibov qəbul etdikdən sonra Əsas binanın iclas zalında   bir qrup professor-müəllim heyəti ilə    görüş keçirilmişdir.

Elm və innovasiyalar üzrə prorektor dosent Pərvin Kərimzadə iştirakçılar adından qonaqları salamlayıb ilk öncə Universitetin bu günü, inkişafı, elmi nailiyyətləri, beynəlxalq əlaqələri haqqında məlumat verdi. Qeyd etdi ki, ölkəmizdə aparılan elmi araşdırmaların dünya standartlarına çatdırılması, həmçinin dünyada gedən elmi-tədqiqat işləri haqqında alimlərimizin məlumatlı olması üçün “Thomson Reuters” portalının xidmətləri əvəzsiuzdir. Çünki “Azərbaycan 2020: gələcəyə baxış konsepsiyası”nda ölkəmizdə informasiyanın hər bir kəs üçün əlçatan olması əsas hədəflərdən biridir. Digər tərəfdən “Thomson Reuters” portalının təqdim etdiyi xidmətlər sayəsində alimlər öz sahələrinə dair elmi jurnalların müqayisəli qiymətləndirilməsini aparar və nəşr üçün daha effektiv şəkildə jurnallar seçə bilərlər.

Portalın məsul işçisi Valentin Boqorov və Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə öz çıxışlarında“Thomson Reuters” portalı, onun məqsədi “Web of Science” elmi məlumatların bazası haqqında ətraflı məlumat veriblər. Bildiriblər ki, “Web of Science” beynəlxalq səviyyədə tanınmış elmi portaldır. Portal 1964-cü ildə informasiya institutunun bazasında yaradılıb və əvvəllər yalnız elmi tədqiqatların, elmi işlərin istinad indeksinin müəyyənləşdirilməsi üzrə fəaliyyət göstərib. Lakin sonradan görülən keyfiyyətli iş sayəsində dünyanın aparıcı agentlikləri ilə rəqabətə girərək öndə dayanmağa layiq olub.

Portalın müxtəlif sahələri əhatə edən  17.000 jurnalı  var. Alimlər bir çox məsələlər, elmi arayışlar, sənədlər, konfrans icraatı üzrə materialları burada tapa bilərlər. Portal hər sahədə olan yenilikləri  və uğurları  yeniləyir.

Müqaviləyə əsasən, Azərbaycanın 40-dan çox ali təhsil müəssisəsi Təhsil Nazirliyinin sifarişi əsasında dünyada məşhur elmi istinad indeksi olan “Thomson Reuters Web of Science” platformasına çıxış əldə edib. Bu zaman “Social Sciences Citation İndex®” (İctimai elmlər üzrə məlumat bazası), “Science Citation İndex Expanded®” (Təbiət elmləri üzrə məlumat bazası), “Conference Proceedings Citation İndex®” (Konfrans, konvensiya, “Arts and Humanities Citation İndex®” (İncəsənət və humanitar elmlər üzrə məlumat bazası), simpozium, kollokvium və “dəyirmi masa”ların materialları üzrə məlumat bazası), eləcə də şirkətin əsas məhsulu olan “Thomson Reuters İnCites™” bazasına tam çıxış əldə olunacaqdır.

Olduq         ca maraqlı keçən görüşün sonunda qonaqlar iştirakçıları maraqlandıran suallara çavab vermişlər.