Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə Gəncədə yürüş təşkil olunub

         Türkiyə Cümhuriyyətinin  yaranmasının 100 illik yubileyi münasibətilə Gəncə şəhərində yürüş keçirilib.

        Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, idarə, müəssisə, təşkilat rəhbərləri, habelə azərbaycanlı və türkiyəli gənclər iştirak ediblər.

        Yürüş Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş Konsulluğunun binasının önündən başlayıb və 1918-ci ildə Azərbaycanın xilası üçün Gəncəyə gəlmiş, burada qardaşlıq uğrunda ilk əməliyyatlar zamanı şəhid olmuş 13 qəhrəman məhmətçiyin xatirəsinə ucaldılan abidəyə qədər davam edib.  Yürüş iştirakçıları tərəfindən abidənin önünə gül dəstələri düzülüb.

         Baş konsul Recep Öztop çıxış edərək Türkiyə Cümhuriyyətinin son illərdə keçdiyi inkişaf yolundan və ölkələrimiz arasında münasibətlərin möhkəm qardaşlıq təməlləri üzərində qurulmasından danışıb. Vurğulanıb ki, Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri dərin tarixi köklərə malikdir. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Bu münasibətlər müasir dövrümüzdə daha da möhkəmlənib, bütün sahələrdə qarşılıqlı əlaqələr yüksək səviyyədə inkişaf edib. 

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti