Türkiyə Prezidentinin Azərbaycana dövlət səfəri qardaşlıq münasibətlərimizin əyani təzahürüdür

    Türkiyə Respublikasında keçirilmiş prezident seçkilərində qalib gəldikdən sonra iyunun 13-də Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyəsinin ifadəsidir. Bu münasibətlər strateji əməkdaşlığın daha vüsətlə inkişafı üçün yeni imkanlar açır.  Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. 

    Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.  Əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir.

   Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur.

   Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planları olduqca genişdir.

  Ticarət dövriyyəsi sürətlə artır, artıq 6 milyard dollara yaxınlaşıb və gələcəkdə daha da artacaq. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır.

  Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır. Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Bərpaolunan enerji növləri üzrə əməkdaşlığın böyük perspektivləri var. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələri mövcuddur.

   Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Bu istiqamətdə birgə səylərin sayı artıracaqdır. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək.

   Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqların son mərhələsi aparılır. Yaxın aylarda bu məsələ də öz həllini tapacaq və bizim qardaşlıq münasibətlərimizə daha bir töhfə veriləcəkdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti