Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasının Milli Məclisində etdiyi çıxış Azərbaycan-Türkiyə qardaşlığında yeni perspektivlər açır

 Azərbaycanın Ermənistan üzərindəki tarixi qələbəsi Qafqaz regionunda davamlı sülh və sabitlik üçün geniş imkanlar açmışdır. Belə ki, Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaqdır. Qarabağ Zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcəkdir. Altı ölkəni – Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanı birləşdirən yeni platforma ilə artıq bölgədə sabitlik meydana gələcək və düşmənçiliklər aradan qalxacaqdır. Yeni platforma bütün bölgənin inkişafına xidmət edəcəkdir. Çünki,  davamlı sülhə gedən yol bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir. Həmin mühitin yaradılması üçün ən gözəl əsaslar Azərbaycanın tarixi, mədəniyyəti və dövlət siyasətidir.

Qeyd etmək lazımdır ki, artıq bölgənin yeni inkişaf dövrü başlamışdır. Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizinin bölgəmizə gətirəcəyi rahatlığın və zənginliyin tərifini vermək mümkün deyil. Qarabağ, eyni zamanda dünyanı öz siyasi və iqtisadi maraqlarının arenası olaraq görənlərin hesablarının pozulduğu yerdir. Üstəlik, bütün bu proseslər Azərbaycan ilə birlikdə Ermənistan üçün də yeni bir dövrün başlanğıcıdır. Zəngəzur dəhlizində fəaliyyətə başlayacaq dəmir yolu ilə ermənilər də rahatlıqla Moskvaya və bütün dünyaya çıxa biləcəklər, beləliklə onlar özləri özlərini saldıqları blokadadan xilas edə biləcəklər. Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə Türkiyə də lazımi addımlar atacaqdır. Türkiyə sərhədlərinin açılmasının Ermənistana verəcəyi faydalar sadalanmaqla bitməz. Bir sözlə Azərbaycanın çaldığı Zəfər hər kəsin ortaq zəfərinə çeviriləcəkdir.

Geridə qalmış otuz ildə Qarabağda yaşanan böhranlı dövrdə kimlərin əlinə nə keçdiyi, kimlərin bu işdən qazancla çıxdığı, kimlərin də itirdiyi çox yaxşı bəllidir. Canı yananlar, qanı tökülənlər, acı çəkənlər, maddi və mənəvi olaraq itirənlər və otuz il köçkün düşən insanlar artıq öz doğma torpaqlarına qayıdacaqlar. İşğal altındakı həmin torpaqlar otuz il sonra yenidən sahiblərinə qovuşacaqdır.

Söz yox ki, Azərbaycana Qələbə qazandıran xalq-ordu birliyi oldu. Qarabağda Zəfər qazanmaq üçün tək yumruq, tək ürək olan, milli birlik və bərabərlik hisslərini ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Gözlərini qırpmadan Vətən üçün, Qarabağ üçün, Qarabağın azadlığı üçün qəhrəmancasına mübarizə aparan Azərbaycan Silahlı Qüvvələri böyük tarix yazmış oldu.

Sevindirici haldır ki, Azərbaycan və Türkiyə bütün tarixi dövrlərdə bir-birinin yanında olublar. Bu müqəddəs Vətən müharibəsi dövründə də Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer aldı. Necə ki, Balkan müharibəsi zamanı Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında döyüşübsə, necə ki, Çanaqqalada Azərbaycandan gələn igidlərlə Anadolunun dəliqanlıları birlikdə mübarizə aparıb, birlikdə şəhadətə ucalıb zəfər qazanıblarsa, necə ki, Qafqaz İslam Ordusunun aslanları – Nuru Paşanın əsgərləri o gün azərbaycanlı qardaşlarımızın yardımına gəlibsə, bu gün və gələcəkdə də bu iki xalq bərabər olacaqdır.

Qeyd edək ki, Nuru Paşanın Qafqaza gəldiyi dövrdə ermənilər 12 mindən çox türkü qətlə yetirmişdilər. Qafqazda tarixin qara səhifələrinə yazılacaq bir qətliam yaşanmışdır. Türk millətinə hər cür iftira atanlar, əvvəlcə, Qafqaza, Azərbaycana baxmalıdırlar. Həm də təkcə yüz il əvvələ deyil, otuz il bundan əvvəl Qarabağda yaşananlara, Xocalıda yaşananlara baxmalıdırlar. Həqiqətləri bilmək istəyənlər işğaldan azad olunmuş ərazilərə gəlib erməni vəhşiliyinin acı nəticələrini öz gözləri ilə görməlidirlər. Ermənistanın vəhşi davranışı Qarabağın kimin Vətəni olduğunu göstərir. Azərbaycanlılar otuz il əvvəl Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç bir yeri dağıtmadılar, heç bir evi yandırmadılar. Çünki insan öz Vətənini dağıda bilməz, öz Vətənini yandıra bilməz.

Məlum olduğu kimi zəngin tarixə malik olan Şuşa Qarabağ xanlığının banisi Pənahəli xan dövründən bəri təbii bir incəsənət akademiyası kimi, musiqinin, ədəbiyyatın, incəsənətin ən yüksək səviyyədə yaşadığı və yaşadıldığı şəhər olmuşdur. Pənahəli xanın zamanından, xüsusilə şeirləri bu gün də sevilərək oxunan Qarabağ xanının vəziri Molla Pənah Vaqifdən başlayaraq Şuşa ədəbiyyatın mərkəzi olmuşdur. Qartal yuvası kimi qayaların üstündə, səmaya yaxın salındığı üçün Şuşada mədəniyyətin, incəsənətin, ədəbiyyatın ilhamı daim bol olub. Bu şəhər dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın, Rəşid Behbudovun və daha neçə-neçə incəsənət xadimlərinin, şairlərin yurdudur. Əhməd bəy Ağaoğlu kimi təkcə Azərbaycanda deyil, Türkiyə və türk dünyasında da fikirləri ilə söz sahibi olmuş mütəfəkkirlərin yurdu Şuşa bu gün bir daha mədəniyyətlə dirçəlir.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin dirçəlməsində qardaş Türkiyə də öz töhfəsini verəcəkdir. Hazırda yollar sürətlə inşa edilir, su kəmərləri çəkilir, elektrik stansiyaları qurulur və istifadəyə verilir. İnfrastruktur obyektləri tikilir. Türkiyə də bölgədə məktəb, xəstəxana və digər sosial obyektlərin inşasında yaxından iştirak edəcəkdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti