Ucarlı şagirdlər Gəncə Dövlət Universitetində olublar

        Ucar rayon Qazıqumlaq kənd Heydər Əliyev adına 2 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri Ədəbiyyat aylığı və  şagirdlərdə təhsilə maraq yaratmaq məqsədi ilə, eləcə də   Gəncə Dövlət Universiteti ilə yaxından tanış olmaq üçün ali təhsil ocağına səfər ediblər. Orta məktəbin ədəbiyyat müəllimi Flora Hacıyeva və psixoloq Mahiyə Rəsulovanın rəhbərliyi ilə şagirdlər ilk öncə GDU-nun əsas tədris binasında olublar. Burada rektorun baş müşaviri Asif Cavadov qonaqları salamlayaraq universitet barədə ətraflı məlumat verib. Asif Cavadov qeyd edib ki, 1938-ci ildən fəaliyyət göstərən  GDU-da hazırda  8 fakültə və 10 şöbə var. Bütün fakültələr eləcə də şöbələr müasir avadanlıqlarla tam təchiz edilib. Həmçinin o da diqqətə çatdırılıb ki, Türkiyə Respublikasının İzmir Dokuz Eylül Universiteti Azərbaycanda ilk olaraq Gəncə Dövlət Universiteti ilə ikili diplom proqramını həyata keçirir. Bu proqram hər iki Universitetin müəllim və tələbələri üçün təhsil və elm sahəsində yeni imkanlar yaradacaqdır. 

  Daha sonra Kimya kafedrasının müdiri Aynur Məmmədova Kimya-biologiyya fakültəsi haqqında qonaqlara məlumat verib. Aynur Məmmədova bildirib ki, fakültədə 9 ixtisas mövcuddur, burada 6 laboratoriyada tələbələrə dərslər keçilir.  Bu laboratoriyaların beşində tədris prosesi, birində isə  elmi-tədqiqat işi yerinə yetirilir. Laboratoriyalarda şagirdlərə əyani sürətdə kimyəvi analizlər də nümayiş etdirildi.

  Qonaqlar  səfər çərçivəsində Universitetin V tədris korpusunda da oldular. Burada Xarici dillər fakültəsinin Humanitar məsələlər üzrə dekan müavini  Arzu Babayeva şagirdləri korpusla tanış edib. Şagirdlərə şəhid Ömər Şirinov adına auditoriya, Aleksandr Düma adına və Volqanq Höte adına auditoriyalar, Mir Cəlal Paşayev adına auditoriya haqqında məlumat verilib. Bundan başqa məktəblilər Nuru paşa adına Kitabxanada, Muzeydə, məhdud fiziki imkanlara malik  tələbələr üçün mərkəzdə, müasir təlim mərkizində, iclas zalında da oldular.

Gəncə Dövlət Universitetinə səfər çərçivəsində Ucardan olan şagirdlər tələbə evinə də getdilər, burada tələbələrə yaradılan şəraiti yaxından izlədilər, tələbə evinin I mərtəbəsində yerləşən kitabxana ilə tanış oldular.  Kitabxananın müdiri Ayşən Əhmədova nəzərə çatdırdı ki,   müasir avadanlıqlarla  təchiz olunan, 3 hissəli otaqdan ibarət olan kitabxananada geniş oxucu kütləsinə malik böyük oxu zalı var və internetlə təmin olunan komputerləri, proyektoru fəaliyyət göstərir.

  Ucar rayon Qazıqumlaq kənd Heydər Əliyev adına 2 nömrəli tam orta məktəbin ədəbiyyat müəllimi Flora Hacıyeva, psixoloq Mahiyə Rəsulova və şagirdlər Gəncə Dövlət Universiteti ilə yaxından tanış olmaq üçün onlara yaradılan şəraitə görə Universitet rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.