Universitet əməkdaşlarına Bayram sovqatı paylanılıb
Xalqımızın əziz bayramlarından olan Novruz yurdumuzun hər tərəfində, eləcə də ayrı-ayrı idarə, təşkilat və müəssisələrində olduğu kimi Gəncə Dövlət Universitetində də geniş qeyd olunur. Əlamətdar bayramın universitetdə təntənəli və yaddaqalan olması üçün müxtəlif tədbirlər keçirilir.
Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsi bu il də öz ənənəsinə sadiq qalaraq qarşıdan gələn Novruz bayramı münasibətilə universitetin bir qrup az təminatlı əməkdaşları ilə görüş keçirmişdir.Komitənin sədri Afaq Qasımova xalqımızın milli bayramı olan Novruz bayramı münasibətilə əməkdaşları universitetin rektoru, professor Yusif Yusibovun adından və öz adından təbrik edərək, onlara ümumilikdə isə xalqımıza əmin-amanlıq, ruzi bərəkət dolu günlər arzulamışdır.
Xalqımızın bütün əlamətdar günlərində olduğu kimi builki Novruz bayramında da universitetin əməkdaşı olan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələr, məcburi köçkünlərə qayğı diqqət mərkəzində saxlanılıb. AHİK tərəfindən əziz bayram münasibətilə universitetdə çalışan aztəminatlı ailələr üçün zəruri ərzaqlardan ibarət bağlamalar təqdim edilib. Bayram münasibətilə Həmkarlar İttifaqı Komitəsinin xəttilə universitetin 270 əməkdaşına Novruz sovqatı paylanılıb.
Görüşdə iştirak edən əməkdaşlar onlara göstərilən diqqət və qayğıya görə universitetin rektoru Yusif Yusibova və Afaq Qasımovaya öz təşəkkürlərini bildiriblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti