Universitet əməkdaşlarının təltif edilməsi kollektivdə böyük sevinc yaradıb
Prezident İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Ölkə Başçısının digər bir Sərəncamı ilə Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan bir qrup şəxslərə fəxri adlar verilib. Həmin sərəncama əsasən universitetin Musiqi fənləri kafedrasının professoru Sevda Qurbanəliyeva Əməkdar müəllim fəxri adı ilə təltif edilib.
Həmçinin Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” 13 noyabr 2017-ci il tarixli Sərəncamı ilə universitetin filologiya fakültəsinin dekanı, professor Mübariz Yusifov Dövlət Dil Komissiyasının yeni tərkibinə təsdiq edilib.
Ölkə Başçısnın “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında” 18 noyabr 2017-ci il tarixli Sərəncamı ilə universitetin Filologiya fakültəsinin professoru Abbas Səmədov “Tərəqqi” medalı ilə təltif edilib.
Prezident İlham Əliyevin universitetin rəhbərliyi və əməkdaşlarla bağlı müvafiq sərəncamları kollektiv üzvlərində böyük sevinc yaradıb və təltif olunan şəxslərin təqdim edilməsi münasibəti ilə tədbir keçirilib.
Tədbiri açan Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov GDU-nun professor-müəllim və tələbə heyətinin böyük sevincinə səbəb olan sərəncamların çoxminli universitet kollektivi tərəfindən rəğbətlə qarşılandığını qeyd edib.
Bildirilib ki, bu sərəncamlar həm də respublikamızın qərb bölgəsində yüksək ixtisaslı pedaqoji kadrların hazırlanmasında zəngin təcrübəyə malik Gəncə Dövlət Universiteti əməkdaşlarının yaradıcı əməyinə, eləcə də “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası haqqında” Ölkə Başçısı tərəfindən verilən sərəncamda qarşıya qoyulan hədəflərə çatmaq üçün son illərdə Təhsil nazirliyi tərəfindən həyata keçirilən layihələrdə, aparılan islahatlarda fəal iştirak edən və müəyyən uğurlar qazanan ali təhsil müəssisəsinin inkişafına möhtərəm Prezident İlham Əliyev tərəfindən verilən yüksək qiymət deməkdir.
Tədbirdə çıxış edən rektorun müşaviri, dosent Asif Cavadov Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomununun təsis edilməsi tarixi və bu vaxta qədər təltif edilən şəxslər haqqında məlumat verib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu 2007-ci il oktyabrın 17-də də Azərbaycan Respublikasının Milli Məclisi və Prezident İlham Əliyevin 639 nömrəli qanunu ilə təsdiq edilib.Fəxri Diplom Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə mədəniyyət, incəsənət, ədəbiyyat, elm, təhsil, səhiyyə, bədən tərbiyəsi və idman, dövlət qulluğu, hüquq, ictimai-siyasi, iqtisadi, beynəlxalq əlaqələr və digər sahələrdə qazandıqları uğurlara görə verilir.
Çıxış edənlər Prezident İlham Əliyev tərəfindən verilmiş hər bir sərəncama görə Ölkə Başçısına təşəkkür və minnətdarlıqlarını bildiriblər.
Həmçinin Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibova Azərbaycan təhsilinin inkişafı naminə şərəfli və məsuliyyətli işində uğurlar arzulayıblar.
Sonra universitetin əməkdaşları Praktik xarici dillər kafedrasının müdiri, dosent Zahirə Əliyeva, Magistratura şöbəsinin rəhbəri, dosent Emin Yaqubov, Ümumi texniki fənlər və texnologiya kafedrasının dosenti Cabbar Qarayev Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə “Azərbaycan respublikası qabaqcıl təhsil işçisi döş nişanı”, Pedaqoji fakültəsinin dekan müavini İlqar Haqverdiyev, Fransız dili kafedrasının müdiri Məhərrom Orucov, Ümumi riyaziyyat kafedrasının dosenti Üzeyir Əfəndiyev və Riyazi analiz kafedrasının Baş müəllimi Tahir Məmmədova isə təhsilin inkişafındakı xidmətlərinə, yüksək ixtisaslı kadrların hazırlanması sahəsində nailiyyətlər əldə etdiklərinə görə Təhsil nazirliyinin Fəxri Fərmanları təqdim edilib.
Həmçinin universitetinin İnnovasiyalar departamentinin müdiri Vasif Həsənova Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “İlin peşəkar gənci” fəxri adına layiq görüldüyü Fəxri Fərmanı və döş nişanı təqdim edilib.
Tədbirdə çıxış edənlər hər bir təltifin Gəncə Dövlət Universitetinin professor-müəllim heyətinin əməkdaşlarını həvəsləndirdiyini və əməkdaşların peşəkar fəaliyyətləri ilə ali təhsil müəssisəsinin inkişafına bundan sonra da uğurlar qazandıracaqlarını qeyd ediblər