UNİVERSİTET TƏLƏBƏLƏRİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XATİRƏ MUZEYİNDƏ KONFRANSDA İŞTİRAK EDİBLƏR

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 № -li kitabxana filialı və Gəncə Dövlət Universiteti birlikdə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Uğurlu gələcəyimizin təməlini qoyan lider” mövzusunda konfrans keçirdi.

Tədbirdə Gəncə Dövlət Universitetinin tələbələri iştirak edirdi.

Tədbirdən əvvəl Mərkəzin bələdçisi Sevinc Bədəlova tələbələri Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyi ilə tanış etdi, muzeydə sərgilənən eksponatlar haqqında geniş məlumat verdi.

Tədbirin əvvəlində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri açıq elan edən böyük kitabxanaçı Mirvari Cəfərova qeyd etdi ki, tarix yalnız dahi şəxsiyyətlərin nurlu əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunur. Əsrlər keçdikdən sonra – XX yüzillikdə xalqımızın nadir tarixi simaları sırasında Heydər Əliyev şəxsiyyəti öz layiqli yerini tutdu. Sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan, min cür manelərdən, çətinliklərdən keçərək SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri səviyyəsinə ucalan Heydər Əliyev Azərbaycan tarixinə Qurtuluş Mübarizəsinin qalibi kimi daxil olmuşdur. Bu nadir dühanın siyasət aləmini bitib-tükənməyən, sahilləri görünməyən ümmana bənzətmək olar.

Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, kimya elmləri namizədi, dosent, Əməkdar müəllim Gülsüm Fətəliyeva çıxış edərək bildirdi ki, Ümummilli Lider Heydər Əliyev böyük azərbaycanlıdır. Azərbaycan xalqının, Azərbaycan torpağının misilsiz təəssübkeşi, dövlətçiliyimizin xilaskarıdır. Misilsiz dövlət xadimi kimi ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən Vətən üçün, doğma xalqından ötrü heç kəsin gözləmədiyi ən yaxşı çıxış yolunu tapmaq bacarığı ona bəxş olunmuş Allah vergisi idi. Bu gün Heydər Əliyev irsi zəfər yürüşündədir, bu irsin varisi prezident İlham Əliyev Heydər Əliyevin qurduğu Azərbaycanı göylərə ucaldır.

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova, kiçik elmi işçisi Dursun Əliyeva çıxış edərək qeyd etdilər ki, Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş nadir tarixi şəxsiyyət Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Ulu Öndərin prezidentlik dövründə dağılmaqda olan gənc müstəqil dövlətdə vətəndaş qarşıdurmasını aradan qaldırmaq, silahlı dəstələri zərərsizləşdirmək, torpaqların düşmən tərəfindən işğalını dayandırmaq, müharibədə atəşkəsə nail olunmaqla dinc quruculuq işlərinə başlamaq imkanı əldə etdi. Ölkədaxili sabitlik təmin olundu, dünyanın inkişaf etmiş dövlətlərinin marağı Azərbaycana yönəldi. Neft strategiyası siyasətinin tərkib hissəsi olan müqavilələrin imzalanması, hüquqi legitim parlamentin formalaşması, müstəqil dövlətin Konstitusiyasının qəbul edilməsi ilə Azərbaycan demokratik cəmiyyətə keçid etdi. Möhkəm təməl üzərində qurulan və dünya dövlətləri sırasında öz layiqli yerini tutan bu günün müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyev dühasının şah əsəridir.