Universitetdə tələbələrin Təhsil Tələbə Krediti Fondundan istifadə imkanlarına dair görüş keçirilmişdir

Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev  Gəncə Dövlət Universitetində olmuşdur.

    Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilmiş və Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

    Gəncə Dövlət Universitetinin  Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov qonaqları salamlamış,  dövlətin təhsil sahəsində həyata keçirdiyi layihələrdən danışmışdır. Bildirmişdir ki, Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinin əsas məqsədi təhsilin əlçatanlığını təmin etməkdir. Fond təhsil almaqda gənclərə bərabər imkanlar yaratmaq məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin 2021-ci il 17 iyun tarixli Fərmanı ilə yaradılmışdır. Prorektor Şahin Xurşudov onu da qeyd etmişdir ki,  bu imkan tələbələrin motivasiyasını artıracaq və təhsilin keyfiyyətinə də təsir göstərəcəkdir.

    Tədbirdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək Təhsil Tələbə Krediti Fondunun əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, Təhsil Tələbə Krediti Fondu fəaliyyətə başladığı dövrdən universitet tələbələri arasında geniş maarifləndirmə işləri aparılır, fond tərəfindən daxil olan məlumatlar vaxtında tələbələrin diqqətinə çatdırılır.  Universitetin əksər tələbləri  Təhsil Tələbə Krediti Fondunun yaratdığı imkandan yararlanmaqdadır.

 Təhsil Tələbə Krediti Fondunun direktoru Araz Paşayev çıxışında fondun fəaliyyəti, kreditlərin verilməsinin ilkin şərtləri, mərhələləri, kredit şərtlərinin üstünlükləri kimi məsələlərə aydınlıq gətirmişdir. Bildirmişdir ki, fond əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etməkdir. Araz Paşayev onu da qeyd etmişdir ki, bu kredit kommersiya məqsədi daşımır. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ veriləcək. Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kreditlər birdəfəlik yox, hər tədris ili üzrə ödəniləcək.  Tələbə işləmədiyi müddətdə fonda kredit vəsaitini geri qaytarmaq iqtidarında olmazsa, ona möhlət hüququ veriləcək. Təhsil tələbə kreditinin əcnəbi tələbələrə şamil olunmayacağı bildirilmişdir.

  Sonda təhsil kreditlərinin verilməsi ilə bağlı tələbələrin sualları cavablandırılmışdır.

Mətbuat və ictimaiyyətlə əlaqəlar xidməti