Universitetin əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər

Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının əməkdaşları aprelin 20-21-də Xəzər Universitetində keçirilən “Qloballaşan təhsil” adlı Beynəlxalq simpoziumda iştirak ediblər.

Sinpoziumda Azərbaycan (Xəzər Universiteti, ADA Universiteti, Azərbaycan Respublikası Təhsil İnstitutu, ADİU, ADPU, ADU, ATU, ADMİU, BSU, BMU, Gəncə Dövlət Universiteti, Mingəçevir şəhərindəki 7 saylı məktəb, Bakı şəhərindəki 126 saylı tam orta məktəb), Türkiyə (Çankaya Universiteti, Eskişehir Osmanqazi Universiteti, Qazi Universiteti, “Khan Academy”), Macarıstan (Debrecen Universiteti), Finlandiya (İyvaskyla universiteti), Albaniya (New York Tirana Universiteti) və  Avstriyadan (Vyana Tətbiqi Elmlər Universiteti) olan alim və mütəxəssislər iştirak ediblər.

Beynəlıxalq tədbirdən əvvəl iştirakçılara Xəzər Universiteti Kamera orkestrinin ifasında qısa musiqi proqramı təqdim olunub

Simpoziumu açan Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı beynəlxalq tədbirin əhəmiyyətindən danışıb və işinə uğurlar arzulayıb.

Sonra simpozium işini səkkiz bölmədə davam etdirib. Bölmələrdə 40-dan artıq məruzə dinlənilərək müzakirələr aparılıb və suallar cavablandırılıb.

Simpoziumda Vyana Tətbiqi Elmlər Universitetinin professoru Ditmar Payer, Türkiyə Başkənt Universitetinin professoru Buket Akkoyunlu və Eskişehir Osmanqazi Universitetinin professoru Ayhan Aydının qloballaşma kontekstində ali təhsil müəssisələrində gedən proseslər haqqında dəyərli elmi məruzələri dinlənilib.

Simpoziumda iştirak edən GDU-nun əməkdaşlarından dosent Afaq Yusifli və filologiya üzrə fəlsəfə doktoru Səba Namazova məruzə ilə çıxış ediblər. Universitetin digər əməkdaşı baş müəllim  Aytən Əhmədova isə məruzəçi kimi müzakirələrə qatılıb.

Tədbirin sonunda məruzəçilərə sertifikatlar təqdim olunub.