UNİVERSİTETİN ORTA MƏKTƏBLƏRLƏ ƏMƏKDAŞLIĞI 

Respublikamızının Qərb bölgəsində yüksək keyfiyyətli mütəxəssislərin hazırlanmasında müstəsna rolu olan Gəncə Dövlət Universiteti öz inkişaf mərhələsini davam etdirməkdədir. Son illərdə universitetin beynəlxalq əlaqələrinin inkişafında, elmi- tədqiqat işlərinin səmərəli nəticələrində, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində müsbət nəticələr əldə olunmuşdur.

Universitetdə 1938-ci ildən respublikamız üçün yüksək ixtisaslı kadr hazırlığı aparılır. Humanitar və ictimai elmlər, riyaziyyat, informatika, fizika, təbiət elmləri, pedaqogika və psixologiya, musiqi, təsviri incəsənət, iqtisadiyyat və idarəetmə və s. istiqamətlərdə bakalavr, magistr və doktorant təhsili təşkil edilməklə yanaşı, onların karyeralarının inkişafı məsələlərinə də diqqət yetirilir.

Orta təhsil müəssisələri ilə əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədilə tədris, elmi-tədqiqat, beynəlxalq əlaqələrin təbliği ilə əlaqədar olaraq universitetin rektoru, professor Yusif Yusibovun 07.03.2017-ci il tarixli əmrinə müvafiq olaraq universitetdə işçi qrupu yaradılmışdır. Rektor professor Yusif Yusibovun əmrinə əsasən yaradılan işçi qrupu universitetin baza məktəblərindən olan Gəncə şəhər 17 saylı tam orta məktəbdə və Gəncə şəhər 32  saylı  tam orta məktəbdə pedaqoji kollektiv və yuxarı sinif şagirdləri ilə görüş keçirmişdir.

Məktəb direktorları özlərinin, həmçinin müəllim kollektivlərində fəaliyyət göstərən müəllimlərin əksəriyyətinin Gəncə Dövlət Universitetinin məzunu olduğunu vurğulamış, şagirdlərə də bu ənənəni davam etdirmələrini tövsiyyə etmişdirlər.

Təcrübə və karyera şöbəsinin müdiri dosent Mahir Məmmədov, dosent Cabbar Qarayev, YAP GDU ərazi ilk partiya təşkilatının sədri, dosent Cavid Bağırzadə, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri, dosent Мehdi Rəhimov və Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov universitetin yaranması tarixindən və burada fəaliyyət göstərən fakültə və ixtisaslar haqqında ətraflı məlumat verdilər. Universitetdə 1938-ci ildən yüksək ixtisaslı kadr hazırlığı aparılır. Humanitar və ictimai elmlər, riyaziyyat, informatika, fizika, təbiət elmləri, pedaqogika və psixologiya, musiqi, təsviri incəsənət, iqtisadiyyat və idarəetmə və s. istiqamətlərdə bakalavr, magistr və doktorant təhsili təşkil edilməklə yanaşı, onların karyeralarının inkişafı məsələlərinə də diqqət yetirilir. Məktəb şagirdlərinə universitetin beynəlxalq əlaqələrindən, bir sıra xarici ölkələrlə bağladığı müqavilələrdən, UNIVIA, ESFIDIP, CURDEUS proqramları üzrə fəaliyyətindən, yüksək ixtisaslı professor-müəllim heyətinin pedaqoji fəaliyyətindən ətraflı məlumat verdilər. Hazırda universitetin beynəlxalq əlaqələri inkişaf etməkdədir. Avropanın aparıcı universitetləri, elmi-tədqiqat institutları ilə əməkdaşlıq müqavilələri imzalanmışdır. Nəticədə professor-müəllim heyəti, tələbələr xarici ölkə ali məktəblərində təhsillərini davam etdirmək, elmi-tədqiqat işləri aparmaq, təkmilləşmək imkanı əldə etmişlər. Universitet Horizon-2020 və YÖS proqramlarında fəal iştirak edir. İstanbul Universiteti ilə bağlanılan müqavilə əsasında Gəncə şəhərində 29 aprel 2017-ci il tarixdə Türkiyə Respublikasının 100-dən artıq universitetində təhsil almaq istəyən abituriyentlər üçün qəbul proqramı olan YÖS imtahanları təşkil ediləcəkdir. Qərb regionu üzrə ilk dəfə olaraq İELTS imtahanları Gəncə Dövlət Universitetində təşkil edilmişdir. İELTS imtahanlarında müsbət nəticə əldə edən tələbə və məzunlar Avropa universitetlərində təhsil almaqla yanaşı, xarici ölkələrdə əmək fəaliyyəti ilə də məşğul ola bilərlər.

Təcrübə və karyera şöbəsinin müdiri dosent Mahir Məmmədov qeyd etmişdir ki, universitetin rektoru, kimya elmləri doktoru, professor Yusif Yusibovun rəhbərliyi ilə son illərdə universitetin maddi-texniki bazası ildən-ilə genişlənir, 5 tədris binası, kitabxana, açıq və qapalı tipli idman zalları, yataqxana, müxtəlif istiqamətli tədris və elmi-tədqiqat laboratoriyaları, yüksək sürətli internetlə təchiz olunmuş kompüter otaqları, ixtisaslaşdırılmış auditoriyalar, fənn kabinetləri, hər fakültənin nəzdində tələbələrin ictimai fəaliyyətinin inkişafı üçün nəzərdə tutulmuş “Gənclər otağı” yaradılmışdır. Universitetdə təhsil alan hər bir tələbə yüksək səviyyədə bilik əldə etməklə yanaşı, asudə vaxtlarını da səmərəli keçirə bilərlər. Universitetdə 5852 bakalavr, 315 magistr, 84 dissertant və 67 doktorant təhsil alır. Tədrislə bağlı 32 kafedra fəaliyyət göstərir. Əməkdaşlardan 16 nəfəri elmlər doktoru, professor, 2 nəfəri Əməkdar elm xadimi, 2 nəfəri Əməkdar müəllim, bir nəfəri Əməkdar rəssam, 183 nəfəri fəlsəfə doktru, dosentdir.

Məktəb şagirdlərinə universitet haqqında daha ətraflı məlumatların əldə edilməsi və əlaqə saxlamaq üçün isə info@gdu.edu.az ünvanına müraciət edə biləcəkləri bildirildi.

Hər iki görüşdə o da vurğulandl ki, Universitet tərəfindən ardıcıl olaraq orta məktəb şagirdləri üçün fənn olimpiadaları, ekskursiyalar, müxtəlif xarakterli, yarışlar və tədbirlər həyata keçirilir. Çıxış edən şagirdlər belə bir görüş üçün minnətdarlıqlarını və gələcəkdə ali təhsil almaq üçün Gəncə Dövlət Universitetini seçəcəklərini bildirdilər.

Çıxışlardan sonra Universitetin həyatını əks etdirən video materiallar nümayiş etdirildi, şagirdlərə bukletlər, universitetlə bağlı suvenirlər hədiyyə olundu. Sonda xatirə şəkilləri çəkildi.