UNİVERSİTETİN ORTA MƏKTƏBLƏRLƏ ƏMƏKDAŞLIĞI
Respublikamızının Qərb bölgəsində yüksək keyfiyyətli mütəxəssislərin hazırlanmasında müstəsna rolu olan Gəncə Dövlət Universiteti öz inkişaf mərhələsini davam etdirməkdədir. Son illərdə universitetin beynəlxalq əlaqələrinin inkişafında, elmi- tədqiqat işlərinin səmərəli nəticələrində, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində müsbət nəticələr əldə olunmuşdur.
Orta təhsil müəssisələri ilə əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədilə tədris, elmi-tədqiqat, beynəlxalq əlaqələrin təbliği ilə əlaqədar olaraq universitetin rektoru, professor Yusif Yusibovun 07.03.2017-ci il tarixli əmrinə müvafiq olaraq universitetdə işçi qrupu yaradılmışdır.
Rektor professor Yusif Yusibovun əmrinə əsasən yaradılan işçi qrupu universitetin baza məktəblərindən olan Gəncə şəhər Mir Cəlal Paşayev adına 39№li tam orta məktəbdə və Gəncə şəhər M.Mehdizadə adına 4№li tam orta məktəbdə pedaqoji kollektiv və yuxarı sinif şagirdləri ilə görüş keçirmişdir.
Təcrübə və karyera şöbəsinin müdiri dosent Mahir Məmmədov, YAP GDU ərazi ilk partiya təşkilatının sədri, dosent Cavid Bağırzadə və Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri, dosent Мehdi Rəhimov bildirdilər ki, Universitetdə 1938- ci ildən yüksək ixtisaslı kadr hazırlığı aparılır. Humanitar və ictimai elmlər, riyaziyyat, informatika, fizika, təbiət elmləri, pedaqogika və psixologiya, musiqi, təsviri incəsənət, iqtisadiyyat və idarəetmə və s. istiqamətlərdə bakalavr, magistr və doktorant təhsili təşkil edilməklə yanaşı, onların karyeralarının inkişafı məsələlərinə də diqqət yetirilir. Məktəb şagirdlərinə universitetin beynəlxalq əlaqələrindən, bir sıra xarici ölkələrlə bağladığı müqavilələrdən, UNIVIA, ESFIDIP, CURDEUS proqramları üzrə fəaliyyətindən, universitetdə təşkil olunmuş İELTS və YÖS imtahanlarından, yüksək ixtisaslı professor-müəllim heyətinin pedaqoji fəaliyyətindən ətraflı məlumat verildi. Dosentlər onu da qeyd etdilər ki, universitetin rektoru, kimya elmləri doktoru, professor Yusif Yusibovun rəhbərliyi ilə son illərdə universitetin maddi-texniki bazası ildən-ilə genişlənir, 5 tədris binası, kitabxana, açıq və qapalı tipli idman zalları, yataqxana, müxtəlif istiqamətli tədris və elmi-tədqiqat laboratoriyaları, yüksək sürətli internetlə təchiz olunmuş kompüter otaqları, ixtisaslaşdırılmış auditoriyalar, fənn kabinetləri, hər fakültənin nəzdində tələbələrin ictimai fəaliyyətinin inkişafı üçün nəzərdə tutulmuş “Gənclər otağı” yaradılmışdır. Universitetdə təhsil alan hər bir tələbə yüksək səviyyədə bilik əldə etməklə yanaşı, asudə vaxtlarını da səmərəli keçirə bilərlər.
Məktəb şagirdlərinə universitet haqqında daha ətraflı məlumatların əldə edilməsi və əlaqə saxlamaq üçün isə info@gdu.edu.az ünvanına müraciət edə biləcəkləri bildirildi.