Universitetin payız semestri imtahanlarında iştirak edən bütün tələbələri üçün güzəştlər tətbiq edilib

Gəncə Dövlət Universitetində 2018-2019-cu tədris ilinin payız semestri imtahanlarında iştirak edən tələbələr üçün güzəştlər tətbiq edilib.

Birincisi, yazılı və şifahi imtahanlarda iştirak etmiş, lakin 16 bal toplayaraq minimum həddi, yəni lazım olan 17 balı yığa bilməyən tələbələrin imtahan nəticələrinə 1 bal əlavə olunması haqqında universitetin rektoru, professor Yusif Yusibov tərəfindən göstəriş verilib.

İkincisi, kəsri olan tələbələrin hər bir fənnin kredit sayına uyğun olaraq ödəniləcək məbləği 25 faizdən 10 faizə endirilib.

 Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti bildirir ki, Gəncə Dövlət Universitetində təhsil alan tələbələrin və onların valideynlərinin semestr imtahanlarının nəticələrindən  məmnunluğu bu universitetin digər nailiyyətləri qədər əhəmiyyətlidir. Əsas məqsəd təhsil ocağını yaxın gələcəkdə 10 min tələbənin keyfiyyətli təhsil ala biləcəyi, regionun ən böyük və qabaqcıl elm-təhsil müəssisələrindən birinə çevirməkdir.  

Son 5 ildə universitetin inkişafı yüksək nailiyyətlərlə şərtlənib. Bu illər ərizində universitetin infrasrukturu müasirləşdirilib, maddi-texniki bazası zənginləşdirilib, kadr potensialı yüksəldilib, beynəlxalq əlaqələrinin coğrafiyası genişləndirilib, qoşulduğu beynəlxalq proqramların sayı isə artıb. Bir sözlə, son illər qazanılan nailiyyətlər universitetdə elmi-akademik mühitə, tədris prosesinin keyfiyyətinə müsbət təsir göstərib.

İndi Gəncə Dövlət Universiteti respublikamızın Qərb bölgəsində 6 minə yaxın tələbənin təhsil aldığı ən böyük ali təhsil müəssisəsi olmaqla yanaşı, həm də 80 illik  tarixə, zəngin ənənə və təcrübəyə malik mədəniyyət mərkəzidir.

Ali təhsil müəssisəsində tələbə məmnunluğunu qazanmağın ən vacib amillərindən biri də tələbələrin tədris prosesində mənimsədikləri elmi-nəzəri və praktiki biliklərin semestr imtahanları ərəfəsində daha şəffaf bir şəkildə tətbiqinə, yaxud nümayiş etdirilməsinə nail olmaqdır. Şəffaf imtahan prosesində öz biliyini realizə etmək tələbənin haqqı, bu cür imtahan prosesini təşkil etmək isə hər bir universitetin başlıca vəzifəsidir. Məhz bu cür yanaşma universitetin nüfuzunu artırar, onun məzunlarının isə yüksək ixtisaslı kadrlar kimi müasir əmək bazarında rəqabətqabiliyyətliliyini təmin edər.

Hazırda respublikamızın digər universitetlərində olduğu kimi Gəncə Dövlət Universitetində də 2018-2019-cu tədris ilinin payız semestri imtahanları davam edir.  

Bu il universitetdə təhsil alan 6 minə yaxın tələbə üçün geniş imkanlar və böyük güzəştlərin tətbiqi nəzərdə tutulub. Artıq tələbələrin bir çoxu universitetdə tətbiq edilən bu cür güzəştlərdən yararlanıb.

Belə ki, hələ semestr imtahanları başlamazdan əvvəl fakültələr tərəfindən imtahan qəbul ediləcək fənlər üzrə məsləhət saatlarının qrafiki tərtib olunaraq tələbələrin müəllimlərdən imtahanqabağı məsləhət almalarına şərait yaradılıb.

Payız semestri imtahanlarına tələbələrin hazırlıq səviyyəsini öyrənmək və onların imtahanlara hazırlıq prosesində qarşılaşa biləcəkləri çətinliklərin operativ həllinə nail olmaq məqsədilə universitetin rektoru, professor Yusib Yusibovun gənclərlə görüşü keçirilib.

Tədbirdə həmçinin rektorun köməkçisi Elsevər Nağıyev, Tələbə Həmkarlar Təşkilatının sədri Pərviz Adıgözəlov, Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Rauf Hacıyev və İmtahan adminstrasiyasının rəhbəri Vasif Həsənov iştirak edib.

Görüşdə tələbələrə məlumat verilib ki, universitetdə imtahanlar fənlərin tədris xüsusiyyətindən asılı olaraq yazılı, kompüterdə test üsulu, şifahi və qabiliyyət formasında qəbul edilir.

Həmçinin 2016-2017-ci tədris ilinin payız və yaz semestrlərində ilk dəfə təhsil ixtisaslarında bəzi fənlərdən tələbələrin şifahi nitq qabiliyyətini inkişaf etdirmək məqsədilə imtahanlar şifahi formada qəbul olunub və müsbət nəticələr əldə edilib. Ona görə də müsbət təcrübəni bu ildə də inkişaf etdirmək üçün universitetin rəhbərliyi tərəfindən müvafiq tapşırıqlar verilib.

Tələbələrin imtahanlara hazırlaşa bilməsi üçün imtahan qəbul ediləcək bütün fənlərin mühazirə mətnləri, dövlət imtahanına düşəcək fənlər üzrə suallar universitetin saytında (www.gdu.edu.az) elektron formada yerləşdirilib. Eyni zamanda test, şifahi, yazılı və qabiliyyət imtahanlarının sualları imtahan sessiyasına bir ay qalmış tələbələrə paylanılıb.

Qeyd edilib ki, payız və qış sessiyaları müddətində imtahanların gedişatı zamanı yarana biləcək münaqişəli halların aradan qaldırılması və lazımi tədbirlərin görülməsi məqsədilə universitet üzrə “Apelyasiya komissiyası”, Təhsil Nazirliyinin “Qaynar xətt” xidməti ilə əlaqə yaratmaq və sessiyanın gedişi zamanı baş vermiş neqativ hallar barədə Təhsil nazirliyinə operativ məlumat verilməsi məqsədilə “İmtahan qərargahı”, imtahanlara nəzarət etmək məqsədilə nəzarət qrupu, sualların qabaqcadan seçilməsi və sualların məxfi saxlanılması məqsədilə bunker və bunkerin işçi qrupu yaradılıb.

Qeyd edək ki,  qiymətləndirmə prosesində təhsilin hər iki səviyyəsində keçirilən test, yazılı, şifahi və qabiliyyət imtahanlarında qiymətləndirmə çoxballı sistem əsasında aparılır. Yazılı (təhsil ixtisaslarında bəzi fənlərdən şifahi) imtahanların keçirilməsi üçün ixtisas kafedraları tərəfindən hər birində 5 sual olmaq şərti ilə 30 ədəd bilet hazırlanır, fakültə tədris-metodik şuralarında və kafedra iclaslarında müzakirə edilərək təsdiq edilir.

Test, yazılı və şifahi imtahanlarla yanaşı yaradıcılıq tələb edən “Musiqi müəllimliyi” və “Təsviri incəsənət müəllimliyi” ixtisaslarında bəzi fənlərdən imtahanlar qabiliyyət formasında keçirilir. Yazılı, şifahi və qabiliyyət imtahanları üçün qabaqcadan hər biri 5 sualdan ibarət olmaq şərtilə kafedralar tərəfındən imtahan biletləri hazırlanır. Tələbələr qabiliyyət imtahanı zamanı ya yazılı, ya da biletdə göstərilmiş xüsusi normativləri yerinə yetirməklə imtahan verirlər. Tələbənin imtahandan topladığı ballarla semestr ərzində topladığı ballar cəmlənərək nəticəsi imtahan qəbul edilən gün müstəsna hallarda isə növbəti gün elan edilir.

Görüş zamanı tələbələrə imtahanların texniki təşkili, keçirilməsi qaydası, həmçinin tələbələrin semestr imtahanlarında diqqət yetirlməsi vacib olan məsələlər haqqında gənclərə ətraflı məlumat verilib.

Bildirilib ki, semestr imtahanlarında yazılı imtahan üçün tələbələrə 2 saat, dövlət imtahanında isə yazılı imtahanlara 3 saat vaxt verilir. Həm semestr, həm də dövlət imtahanı üçün hər tələbəyə variant hazırlanır və otaqlar müəyyənləşdirilir. Semestr və dövlət imtahanlarında yazılı imtahanlar üçün otaqlar ayrılır, hər otaqda müxtəlif ixtisaslardan ən çoxu 5 nəfər olmaqla tələbələrin imtahan verməsinə şərait yaradılır. Yazılı imtahanlar başa çatdıqdan sonra tələbələrin yazılı sənədələri rektorluğun nümayəndəsi təərfindən kodlaşdırılaraq, yoxlanılmaq üçün müvafiq fənnin müəllimi dəvət edilir.

Vurğulayırıq ki, bundan sonra da Gəncə Dövlət Universitetində bütün imtahanların təşkili, keçirilməsi və nəticələrin qiymətləndirilməsi prosesində şəffaflıq təmin ediləcək, zəruri olan mövcu qayda və prinsiplər tətbiq ediləcəkdir.