UNİVERSİTETİN SON ÜÇ FAKÜLTƏSİNDƏ TƏLƏBƏLƏR XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİNİ YAD EDİBLƏR

Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə Gəncə Dövlət Universitetinin Xarici dillər, Filologiya və Tarix-Coğrafiya fakültələrində  tədbir  təşkil olunub.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxışında bildirib ki, Xocalı soyqırımına ilk dəfə hüquqi və siyasi qiymət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən verilib. Hər bir azərbaycanlı üçün əsas prioritetlərdən biri də Dağlıq Qarabağ haqqında həqiqətləri, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq olmalıdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” kampaniyasının məqsədi ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə həqiqətləri beynəlxalq aləmdə yaymaqdır.

Prorektor Gülsüm Fətəliyeva vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən düşmən tapdağı altında olan şəhər və rayonlarımız işğaldan azad edildi. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq Böyük Qələbə xalq  birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə olundu.

Xarici dillər, Filologiya və Tarix-Coğrafiya fakültələrinin professor-müəllim heyəti çıxışlarında bildiriblər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum ediblər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatəyə alınıb, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü atəş açılıb. Ermənilər Xocalı şəhərinin 613 sakinini amansızcasına qətlə yetiriblər.

Bildirilib ki, otuz ildən bəri inşa edilmiş istehkamları yarıb keçən Azərbaycan Ordusunun əks-hücum əməliyyatları hərb tarixi üzrə mütəxəssislər tərəfindən öyrəniləcək. Şuşanı işğaldan azad edən oğullarımızın şücaəti hələ peşəkar hərbçilərin araşdırma mövzusu olacaq. Öz cəsarəti, igidliyi ilə vətən torpağını azad edən və qətiyyəti ilə düşməni dizə gətirən Azərbaycan Ordusunun və Ali Baş Komandanın fəaliyyətini yüksək qiymətləndiririk.

Anım tədbirində Xarici dillər, Tarix-Coğrafiya və Filologiya  fakültələrinin tələbələrinin hazırladığı ədəbi-bədii kompozisiya da dinlənilib.