Universitetin TGT-nın fəal gəncləri “Erkən nikah və onun fəsadları” mövzusunda təşkil olunmuş tədbirdə iştirak ediblər

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və “LOQOS” Psixoloji və Nitq İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə “Erkən nikah və onun fəsadları” mövzusunda tədbir təşkil olunmuşdur.

Təşkil olunmuş tədbirdə Gəncə Dövlət Universitetinin TGT-nın fəal gəncləri də iştirak etmişdir.

Tədbirin açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və “LOQOS” Gəncənin təlim tədris işləri üzrə mütəxəssisi Gülnar Məmmədova çıxış edərək erkən nikahın doğurduğu fəsadlardan, cəmiyyətə vurduğu ziyandan, dövrümüzün mühüm və aktual problemi olaraq qaldığından bəhs etmişlər.

Daha sonra “LOQOS” Gəncənin psixoloqu Eşqin Muradov “Erkən nikah və onun fəsadları” mövzusunda geniş və ətraflı mühazirə ilə çıxış etmiş, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsinin onların təhsilinə, bir fərd kimi inkişafına mane olduğunu və bunların gənclərin psixologiyasına mənfi təsir göstərdiyini qeyd etmişdir. Erkən nikahın gələcək nəsillərin sağlamlığını və həyatını təhlükə altına atdığını və boşanma hallarını artırdığını söyləmiş, sonda isə gəncləri “Erkən nikah” qurmaqdan çəkinməyə səslənmişdir.