Universitetin uğurlarının ümumtəhsil məktəblərində təbliğinə başlanıb

Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun tapşırığına əsasən ali təhsil müəssisəsində aparılan tədrisin, elmi – tədqiqat işlərinin, eləcə də beynəlxalq əlaqələr sahəsində həm yerli, həm də xarici elm, təhsil müəssisələri ilə həyata keçirilən çoxtərəfli əlaqələrin ümumtəhsil məktəblərində təbliği məqsədilə universitetin professor-müəllim heyətinin Gəncə şəhər ümumtəhsil məktəblərində ustad dərsləri təşkil olunur.

Bu məqsədlə Nəriman Nərimanov adına 25 saylı tam orta məktəbdə Kimya kafedrasının müdiri Aynur Məmmədovanın ustad dərsi keçirilib. Dərsdə Aynur Məmmədova dünyada və Azərbaycanda tanınmış, elmin müxtəlif sahələrində böyük xidmətləri olan Lütfi Zadə, Yusif Məmmədəliyev, Kərim Kərimov, İzzət Orucova, Əli Quliyev haqqında ətraflı məlumat verib.

Dərs zamanı Aynur Məmmədova həmçinin Gəncə Dövlət Universitetinin Kimya kafedrasında son illərdə qazanılan uğurlar, yerinə yetirilən elmi-tədqiqat işləri, fənn kabinetləri, laboratoriyaları, orada yerinə yetirilən təcrübələr və tələbələr haqqında ətraflı məlumat verib.