Vətən müharibəsi şanlı tariximizdir
Gəncə Dövlət Universitetinin Pedaqoji, eləcə də Fizika və texniki fənlər fakültələrinin təşkilatçılığı ilə 27 Sentyabr Anım Gününə həsr olunmuş tədbir keçirib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Tədbiri giriş sözü ilə açan Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva qeyd edib ki, 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonda yerləşən Azərbaycan Ordusunun mövqələrini və yaşayış məntəqələrini iriçaplı silahlar, mina atanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmağa başladı. Buna cavab olaraq Azərbaycan Ordusu bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı ilə döyüşə atıldı. Xalqımız və rəşadətli Ordumuz şanlı tarix yazaraq 44 gündə 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu.
Tədbirdə şəhid Kərəm Həsənovun həyat yoldaşı, GDU-nun Texnologiya müəllimliyi ixtisasının II kurs tələbəsi Nərmin Həsənova çıxış edərək bildirib ki, hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahididir. Xalqımıza tarixi qələbə sevincini yaşadan müzəffər Ordumuza və Ali Baş Komandan Prezident İlham Əliyevə borcluyuq.
Tədbirdə Anım Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Daha sonra Fiziki tərbiyə, Çağırışaqədərki hazırlıq və Mülki Müdafiə kafedrasının müdir əvəzi, baş müəllim Mahnur Məmmədova, Fizika müəllimliyi ixtisasının II kurs tələbəsi Ülviyyə Məmmədli çıxış edərək 44 gündə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı tarixi qələbədən danışıblar.
Tədbirin bədii hissəsində tələbələr qələbəyə, eləcə də vətənpərvərliyə aid şerlər səsləndiriblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti







