XOCALI KONFRANSI
20 fevral 2015-c- il tarixdə Gəncə Dövlət Universitetində Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş “Əsrin faciəsi” mövzusunda konfrans keçirilmişdir. Rektor professor Yusif Yusifov konfransı açandan sonra Xocalı faciəsinin qurbanları bir anlıq sükutla yad edildi. Bundan sonra faciəni özündə əks etdirən video-çarxın nümayişində erməni faşizminin tərətdiyi faciənin göz qarşısında canlandırılması, real mənzərələr konfrans iştirakçılarını riqqətə gətirdi.
Professor Yusif Yusifov qeyd etdi ki, Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılmışdır. Rayonda 1 şəhər, 2 qəsəbə, 50 kənd olmuşdur. Mərkəzi olan Xocalı şəhəri Ağdam şəhərinin 18, Xankəndi şəhərinin 14 km-liyində, Qarabağ silsiləsində yerləşir. Aeroporta və strateji əhəmiyyətə malik olduğundan ermənilər bu şəhəri işğal etməyi mühüm məqsədə çevirmişdilər.
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.Ulu öndərin təbirincə desək “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”
Azərbaycan kafedrasının dosent əvəzi, tarix elmləri üzrə fəlsəfə doktoru Cavid Bağırzadənin də mövzusu məhz “Xocalı soyqrımı-əsrin dəhşətli faciəsi kimi” adlanırdı. Real faktlara əsaslanan məruzəçi erməni faşizminin insanlığa sığmayan əməllərini, rus ordusu ilə birgə xalqımıza qarşı törətdikləri soyqırımı bir daha nəzərə çatdırdı.
“Xocalı soyqrımı-Beynəlxalq cinayətdir” mövzusunda çıxış edən Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov ilk öncə dünya miqyasında genosid sözünün yaranması tarixini, kəsb etdiyi məzmunu, genosid cinayətinin əlamətlərinin BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyən edildiyini konfrans iştirakçılarına çatdırdı. Bununla da Xocalı faciəsinin erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsi olduğunu bildirdi.
Məruzəçi qeyd etdi ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı adı çəkilən Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunduğu üçün Beynəlxalq hüquq normalarına görə, soyqırımı törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Ancaq 23 il ötməsinə baxmayaraq Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz qiymətini almamış, bu istiqamətdə hər hansı bir tədbir görülməmişdir.
YAP-ın Gəncə filialının nümayəndəsi dosent Hüseyn Budaqov, Universitetin elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, Sosial fənnlər kafedrasının müdiri dosent Cavad Tağıyev və başqaları öz çıxışlarında Xocalı qurbanlarının heç vaxt unudulyamacağını, onların ruhuna hədsiz hörmət bəslənəcəyini, eyni zamanda erməni faşizminə bir daha ümumxalq nifrətini bildirdilər.