“Xocalı- Qan Yaddaşımız”

  Gəncə Dövlət Universitetinin  Tarix və coğrafiya fakültəsində “Xocalı- Qan Yaddaşımız” adlı anım tədbiri keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarını verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək  ermənilərin Xocalıda törətdikləri faciənin heç vaxt unudulmayacağını bildirib.  Diqqətə çatdırıb ki, ermənilər Xocalıda dinc sakinlərə, günahsız uşaqlara, yaşlılara dəhşətli  divan tutublar. İllər, əsrlər keçsə belə ermənilərin Xocalıda törətdikləri bu vandalizm yaddaşlardan silinməyəcək.

Tədbirdə Tarix və coğrafiya fakültəsinin dekanı Urfan Həsənov, Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə, Azərbaycan tarixi kafedrasının müdiri Gülarə Əliyeva, Ümumi tarix kafedrasının müdiri Etibar Musayev, fakültənin tələbələri Nərgiz Bayramova, Türkanə İmranova, Zeynəb Abbasova çıxışlarında  Xocalı soyqırımından və onun dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş işlərdən danışıblar.

Tədbirin bədii hissəsində tələbələr Həmidə Kərimova və Fatimə Seyidova Xocalıya həsr olunmuş şeirlər səsləndirdilər.