Xüsusi qabiliyyət tələb edən ixtisaslarda Yekun Dövlət Attestasiyasının keçirilməsinə dair

TƏLİMAT

Əziz tələbələr!

Bildiyiniz kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il tarixli 158 saylı Qərarı ilə pandemiya şəraiti ilə əlaqədar bakalavriat səviyyəsi üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslar (Musiqi müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə) və Bədən tərbiyəsi və idman) istisna olmaqla digər ixtisaslarda ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və buraxılış işinin müdafiəsi ləğv edilmişdir.

Xüsusi qabiliyyət tələb edən ixtisasların (Musiqi müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə) və Bədən tərbiyəsi və idman) tələbələrinin isə buraxılış işinin müdafiəsi və dövlət imtahanını verməsi məcburidir. Qeyd edilən ixtisaslarda Yekun Dövlət Attestasiyası WhatsApp platforması üzərindən distant formada (online) keçirilməsi nəzərdə tutulmuşdur.

Xüsusi qabiliyyət tələb edən ixtisaslarda dövlət imtahanının keçirilməsi üçün məsləhət saatları təşkil olunacaq.

Xüsusi qabiliyyət tələb edən ixtisaslarda qabiliyyət və test formasında dövlət imtahanlarının keçirilməsi üçün hər bir ixtisas üzrə WhatsApp qrupu yaradılacaq. Dövlət imtahanı verəcək tələbələr bu qrupa daxil ediləcək. Qrup rəhbərliyi müvafiq fakültə üzrə Yekun Dövlət Attestasiyası (dövlət imtahanı) üçün kargüzar təyin edilmiş şəxsə həvalə ediləcək.

Xüsusi qabiliyyət tələb edən ixtisaslarda dövlət imtahanının keçirilməsi üçün 5 fənn nəzərdə tutulub. Musiqi müəllimliyi (Əsas musiqi aləti, Dirijorluq və onun metodikası) və Təsviri incəsənət müəllimliyi (Rəsm, Boyakarlıq) ixtisaslarında dövlət imtahanlarında yaradıcılıq tələb edən iki fəndən qabiliyyət,  mövcud sanitar-epidemioloji şəraitlə əlaqədar dövlət imtahanını qabiliyyət formasında keçirmək mümkün olmadığına görə Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə) (İdman oyunları və onun tədrisi metodikası, Gimnastika və OTM) və Bədən tərbiyəsi və idman (Gimnastika və OTM, Atletika) ixtisaslarında isə iki fəndəntest imtahanı formasında keçirilməsi nəzərdə tutulmuşdur. Digər 3 fənn isə aralıq qiymətləndirmə (semestr imtahanı) nəticəsində qazanılmış bala uyğun hesablanacaq.

Xüsusi qabiliyyət tələb edən ixtisaslarda imtahan nəticəsi üçün 100 bal müəyyən edilib. Qabiliyyət və ya test imtahanı üçün 50 bal, aralıq qiymətləndirmə (semestr imtahanı) nəticəsində qazanılmış bala uyğun hesablanan fənlər üçün isə 50 bal nəzərdə tutulub.

Həmin fənlərin aralıq qiymətləndirmə (semestr imtahanı) zaman qazanılan ballara uyğun UOMG-si (Ümumi Müvəffəqiyyət Göstəricisi) hesablanılacaq. Bu zaman hər bir fəndən əvvəl toplanılmış bal fənnin kreditinə vurularaq cəmləniləcək və hər 3 fənnə aid kreditlərin cəminə bölünəcək və alınmış ədəd 2-ə bölünəcək.

Aralıq qiymətləndirmə zamanı qazanılmış bala uyğun ÜOMG nəticələri aşağıdakı düsturla hesablanılanacaq:

Burada Didövlət imtahanı, F1 – fənnin adı, K1 – fənnin kreditidir.

Qabiliyyət imtahanlarında tələbənin fənlər üzrə bilik və bacarıqları Təsviri incəsənət müəllimliyi ixtisasında hər bir tapşırıq üçün 0-10 bal, Musiqi müəllimliyi ixtisasında isə 0-25 bal, Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə) və Bədən tərbiyəsi və idman ixtisaslarındatest imtahanı üçün isə 1 sual 1 balla qiymətləndiriləcəkdir. Tələbənin imtahandan toplaya biləcəyi maksimum 50 bal nəzərdə tutulub. Tələbə hər bir fəndən ən azı 7 bal olmaqla iki fənn üzrə ən azı 17 və daha çox bal topladıqda dövlət imtahanından keçmiş hesab ediləcəkdir.Əks təqdirdə imtahandan qeyri müvəffəq qiymət almış hesab ediləcək.

Qabiliyyət və test imtahanlarına 2 saat vaxt veriləcək. Verilmiş vaxt bitdikdən 15 dəqiqədən gec təqdim edilmiş cavab qəbul olunmayacaq.

Buraxılış işini tamamlayan tələbələr isə yerinə yetirdikləri buraxılış işini WhatsApp platforması üzərindən distant formada (online) müdafiə edəcəklər.

Buraxılış işini tamamlamış tələbələr buraxılış işini, avtoreferatı və buraxılış işinin rəyini fakültə dekanlığına təqdim etməlidir.

Bu zaman tələbə yerinə yetirdiyi işin adı, həcmi, fəsilləri və əldə etdiyi nəticə barədə qısa məlumatı danışaraq maksimum 3 dəqiqəlik videoya çəkməli və həmin videonu (AVİ, MP4, MPG1, MPG2 və s. formatda) WhatsApp qrupunu idarəedən şəxsə göndərməlidir.

Yekun Dövlət Attestasiyası keçirilən zaman bu təlimatda qeyd edilən məsələlərə riayət etməyinizi tövsiyə edirik:

Musiqi müəllimliyi ixtisası

Tələbə Əsas musiqi alətləri və Dirijorluq və onun metodikası fənləri üzrə tədris müddəti ərzində hazırladığı proqramlardan hər fəndən 1 əsəri (tələbənin öz arzusu ilə seçdiyi) ifa edərək əsəri ifa etməyini videoya çəkib qrup rəhbərinə göndərəcək. Hər bir əsərin ifasına görə tələbəyə 0-25 bal veriləcək.

Təsviri incəsənət müəllimliyi ixtisası

Təsviri incəsənət müəllimliyi ixtisasında qabiliyyət imtahanlarının keçirilməsi üçün hər fəndən 100 ədəd olmaqla 200 sual hazırlanacaq. 200 sual Sizə əvvəlcədən göndəriləcək. Rəsm və Boyakarlıq fənlərinin hər birindən 5 tapşırıq olmaqla hər fəndən 30 bilet hazırlanacaq. İmtahanlar iki mərhələdə keçiriləcək. Hər bir sualın cavabı 0-10 bal qiymətləndiriləcək. Hər iki fəndən toplanılmış ballar cəmlənilərək orta qiymət çıxarılacaq. WhatsApp qrupunu idarə edən şəxs tərəfindən həmin suallar Sizə göndəriləcək. Tələbə ona verilmiş tapşırığı icra etmək üçün əvvəlcədən cavab kartı hazırlamalı, biletdə göstərilmiş tapşırığı icra etdikdən sonra cavab kartının şəklini çəkərək WhatsApp platforması üzərindən qrupu idarə edən şəxsə göndərməlidir.

Tələbə cavab kartının üzərində adını, soyadını, ixtisasını, kursunu, qrupunu, imtahan fənninin adını və imtahan tarixini qeyd etməlidir.

Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə) və Bədən tərbiyəsi və idman ixtisasları

  1. Dövlət imtahanının test formasında keçirilməsi üçün hər bir fəndən 100 ədəd test hazırlanacaq. İxtisas üzrə tələbələrə təqdim etmək üçün hər bir fəndən 25 sual olmaqla 50 ədəd testdən ibarət tapşırıqlar hazırlanacaq. WhatsApp qrupunu idarə edən şəxs tərəfindən tələbələrə həmin suallar göndəriləcək. Tələbə əvvəlcədən cavab kartı hazırlamalı, 1-dən 50-ə qədər sualları nömrələməli və düzgün hesab etdiyi cavabların variantını uyğun rəqəmin qarşısında qeyd etməlidir. Testləri bitirdikdən sonra cavab kartının şəklini çəkərək qrupu idarə edən şəxsə göndərməlidir.

Nümunə

Pedaqoji fakültə, Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi ixtisası,

4-ci kurs ,qrup 1  fənn _ İdman oyunları və onun tədrisi metodikası,

Məmmədov Qulu Ramiz oğlu  29.06.2021

Tələbəyə hər bir fənn üzrə təqdim edilmiş hər bir testdə biri düz olmaqla  A)…..,B)……,C)…….,D)…….E)….., kimi işarələnmiş 5 cavab verilir. Tələbə testin nömrəsini və qarşısında düzgün variantı qeyd etməlidir.

Məsələn 20-B, yəni 20-ci testin düz cavabı B variantında verilmişdir.

1-               11-                 21-                      31-                          41-

2-               12-                 22-                      32-                         42-

3-               13-                 23-                       33-                        43-

4-              14-                  24-                       34-                        44-

5-              15-                  25-                       35-                        45-

6-               16-                 26-                      36-                        46-

7-             17-                  27-                       37-                       47-         

8-             18-                  28-                       38-                       48-

9-             19-                  29-                       39-                       49-

10-           20-                 30-                        40-                       50-

Düz cavaba uyğun variant (A,B,C,D,E) böyük hərflə  aydın yazılmalıdır.  Qaralama olmamalıdır.

Məsələn    21-A,   43-C,   32- E   45-D  və  s.

Əgər hər hansı testin cavabında variant səhv yazılıbsa (imkan daxilində olmasın) həmin variantın üstündən xətt (X) çəkilməli və variant yenidən yazılmalıdır. Məsələn,

Variant diyircəli qələmlə (ruçka) ilə yazılmalıdır (karandaş ilə qeyd etmək olmaz).

2. İmtahan nəticələri yoxlanılmaq üçün əvvəlcədən yaradılmış Yekun Dövlət Attestasiya Komissiyasına təqdim ediləcək. Nəticələr məlum olduqdan sonra bir həftə ərzində fakültələrin internet ünvanında yerləşdiriləcək.

İmtahanda iştirak etmək üçün ilk öncə kompüter və ya telefonunuzda WhatsApp tətbiqinin mövcudluğundan əmin olmaq lazımdır. Məsləhət görülür ki, imtahan zamanı proqramın özündən (application) istifadə edilsin. Onlayn versiyada hər hansı bir brauzer (Google chrome, opera, safari, mozilla və s.) vasitəsilə proqramdan istifadə edən zaman bəzi funksiyalar aktiv olmaya və problemlər yarana bilər. Eyni zamanda elektrik enerjisi verilişində kəsilmələr olması səbəbindən wifi şəbəkəsində problemlər yarana bilmə ehtimalını nəzərə alaraq  telefonunuzun kifayət qədər elektrik enerjisi ilə dolu olması və imtahana yetəcək qədər balansınızda meqabayt olmasına diqqət etməyiniz məsləhət görülür. Bundan sonra imtahanın başlanma saatından 10-15 dəqiqə qabaq WhatsApp səhifəsinə daxil olmaq və gözləmək lazımdır. İmtahana daxil olmaq üçün suallar yalnız imtahan başlanacağı vaxtda Sizə göndəriləcək. Eyni zamanda imtahanın başlanması haqqında məlumat kompüter və ya telefona xəbərdarlıq formasında gələcək. İmtahanı bitirdikdən sonra verilmiş vaxt ərzində cavab kartının şəklini çəkərək WhatsApp qrupunu idarəedən şəxsə göndərməlisiniz. 15 dəqiqədən gec göndərilmiş cavablar qəbul olunmayacaq. Ona görə də cavab kartının şəklini çəkib imtahan bitən kimi məsul şəxsə göndərmək lazımdır.  Yadda saxlamaq lazımdır ki, WhatsApp üzərindən göndərilmiş sənədlərin vaxtı və saatı şəklin üzərində avtomatik olaraq qeyd edilir.

Yekun Dövlət Attestasiyasının keçirilmə vaxtı haqqında fakültə dekanlıqları tərəfindən Sizə əlavə məlumat veriləcəkdir.

İMTAHAN MƏRKƏZİ