YADDAŞDAN SILMƏK OLMAZ! QARA YANVAR

20 Yanvar_4
Qara Yanvar və ya 20 Yanvar faciəsi -1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliamdır. 1990-cı ilin 20 yanvarında Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi faciə ilə nəticələndi.
1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda”rus və erməni kartından” məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri,hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.
1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSRI Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.
SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi ”Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı ”ALFA” və SSRİ DTK-nın ”A” təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.
Yanvarın 19-da gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü.
Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən,öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də atəşə tuturdular.
Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Halbuki,Mixail Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki,Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.
Bakıda Salyan kazarmasında 20 yanvar gecəsində döyüşlər başlayır. Orada azərbaycanlı zabitlər, əsgərlər, gürcü, osetin, çeçen, inquş və başqa millətlərin nümayəndələri ilə birləşib orduya qarşı vuruşurlar.
23 yanvarda Azadlıq meydanında mitinq olmuşdur. Mitinqdə Salyan kazarmasında Sovet ordusuna qarşı vuruşan adamların sayı barədə məlumat verilmişdir: 274 azərbaycanlı, 64 gürcü, 52 çeçen, 27 ləzgi, 30 özbək, 5 rus. Həmin gecə Bakı radiosu ilə Bakının komendantı general Dubinyak çıxış edib bildirdi ki, 83 nəfər həlak olub, 14-ü əsgərdir. Lakin məlumatlarda məscidə 300-dən çox meyit gətirildiyi bildirilmişdir.
“Qara Yanvar” xalqımızın yaddaşına hopmuş faciəli bir tarixdir. Biz bu tarixi heç vaxt unutmamalı, Rus İmperiyasına qarşı azadlıq uğrunda əliyalın vuruşan bir xalqın əzəməti kimi yaşatmalıyıq.