“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

Bu il COP29-un Azərbaycanda keçirilməsi və “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmiz üçün çox əhəmiyyətli bir il olacağını göstərir. Ətraf mühitin qorunması amilləri Gəncə Dövlət Universitetinin 2023-2028-ci illər üçün olan Strateji planında da əks olunmuş,  “Yaşıl artım” prinsiplərinin dəstəklənməsi və iqlim dəyişikliyi ilə mübarizə aparılması məqsəd kimi qeyd edilmişdir. Şəhərlər və regionlar üçün ağıllı, qənaətcil və ekoloji cəhətdən təmiz həlləri tapmaq və bu həllərin tətbiqinə töhfə vermək məqsədi ilə universitetdə Nizami Gəncəvi adına Dayanıqlı Ağıllı Şəhərlər və Regionlar Mərkəzi yaradılmışdır.

            Bir neçə gün öncə mərkəzin təşəbbüsü ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Gəncə Dövlət Universiteti (GDU), Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Texnologiya Universiteti (ATU) tərəfindən Gəncə Yaşıl İqtisadiyyat Forumunun keçirilməsi barədə Anlaşma Memorandumu imzalanmışdır. “Heydər Əliyev İli” çərçivəsində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşəbbüsü ilə Gəncədə “Milli Ekoloji prioritetlər və qlobal iqtisadi təhditlər: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfransın təşkili isə bu təşəbbüslərə başqa bir nümunə ola bilər.

        Təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq və yaşıllıqları artırmaq məqsədilə GDU rəhbərliyinin təşəbbüsü ilə universitetin tədris binalarının həyətində ağacəkmə aksiyaları təşkil edilmişdir.

        14 mart 2024-cü il tarixdə universitetin 5-ci tədris binasının həyətində növbəti ağacəkmə aksiyası keçirilmişdir. Tələbələr xeyli sayda şam ağacı əkdikdən sonra onlara müvafiq aqrotexniki qulluq göstərmişlər. Ağacəkmə aksiyalarının ilin sonuna kimi davam etdirilməsi nəzərdə tutulmuşdur.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti