Yeni dərs ilinə hazırlıq müzakirə edilib

Gəncə Dövlət Universitetində 2018-2019-cu tədris ilinin başlanması ilə əlaqədar bu vaxta qədər görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti bildirir ki, prorektorların, fakültə dekanları və kafedra müdirlərinin, eləcə də şöbə rəhbərlərinin iştirak etdiyi ilk iclasda ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər təhlil edilib və növbəti tədris ilində qarşıda duran vəzifələr müəyyənləşdirilib.

İclası açan Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov yeni tədris ili münasibətilə ali təhsil müəssisəsinin kollektivini salamlayıb, kollektivə elmin və təhsilin inkişafı naminə uğurlar arzulayıb.

Ötən tədris ilinin Gəncə Dövlət Universiteti üçün uğurla yekunlaşdığını deyən rektor Yusif Yusibov builki tədris ilində həminki, nailiyyətlərin daha da inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb.

Bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2018-2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında Gəncə Dövlət Universitetinə 40 ixtisas üzrə 1565 nəfər plan yerinə qarşı 1482 nəfər qəbul olunub. Beləliklə plan yerlərinin 94,5 faiz dolduğu GDU-da son 10 ildə qəbul faizində ən yüksək göstərici qeydə alınıb.

Həmçinin qəbul imtahanlarında 600 və daha yüksək bal toplayan abituriyentlərdən 14 nəfəri Gəncə Dövlət Universitetini seçib. Universitetə 500 və daha yüksək balla daxil olan tələbələrin sayı isə 101 nəfər olub.

Builki qəbul göstəricilərinin bu vaxtadək GDU-da qeydə alınmış ən yüksək rəqəmlər hesab olunduğunu deyən professor Yusif Yusibov bildirib ki, ali təhsil müəssisəsinin fakültələri arasında ən yüksək göstərici Xarici dillər və Filologiya fakültələrində qeydə alınıb.

Belə ki, qəbul imtahanında 657 bal toplayan Hicran Əliyeva filologiya, 653 bal toplayan Aytən Mirzəyeva və 645 bal toplayan Günel Fərzəliyeva xarici dillər fakültələrini seçiblər.

Rektor Yusif Yusibov bu il həyata keçiriləcək yeniliklərdən də danışıb. Bildirilib ki, qarşıdakı illərdə hazırda universitetin müvafiq kafedralarında işləyən, bu illər ərzində özünü əmək intizamlı işçi kimi göstərən, daha bilikli və bacarıqlı laborantlar, eləcə də tədris koməkçi heyətdən olanlar kadrlar, yaxud doktorantura və dissertantura mərhələsini uğurla başa vuran gənclər universitetdə pedaqoji fəaliyyətə cəlb ediləcəklər.

Bütün bunlarla yanaşı, ümumi təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, xüsusilə də inteqrasiya meyillərinin getdikcə gücləndiyi indiki dövrdə gənc milli kadrların yetişdirilməsi istiqamətində təsirli tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.

Sonra növbəti tədris ilində qarşıda duran vəzifələr, tədris yüklərinin bölgüsü, korpuslar üzrə əmək intizamının və tədrisin təşkili ilə əlaqədar müvafiq tövsiyə və tapşırıqlar verilib.