Zəfər Günü Gəncə Dövlət Universitetində təntənə ilə qeyd edildi
8 Noyabr-Zəfər Günü münasibətilə Gəncə Dövlət Universitetində “Qarabağ Azərbaycandır” adlı tədbir keçirilib.
Təbirdə Gəncə şəhər Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Türkiyə Cümhuriyyətinin Gəncədəki baş konsulu Recep Öztop, YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov, millət vəkili Pərvin Kərimzadə, Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov, Vətən müharibəsi qaziləri, şəhid valideynləri, ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Əvvəlcə universitetin foyesində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin büstü və şəhidlərə həsr edilmiş Xatirə guşəsi önünə gül dəstələri düzülüb.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rektor Yusif Yusibov Zəfər Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib və 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müdrik rəhbərliyilə Şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən və xalqımızın həmrəyliyindən danışıb. Rektor qeyd edib ki, torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Bu ilin oktyabrın 15-də Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev xalqımıza növbəti qələbənin sevincini yaşatdı. Dövlət başçımız 3 rəngli bayrağımızı əzəli və əbədi torpaqlarımızda – Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla sübut etdi ki, Azərbaycan xalqı və dövləti güclüdür, torpaqlarının sahibidir.
Rektor Yusif Yusibov onu da vurğulayıb ki, Gəncə Dövlət Universitetinin əməkdaşları və tələbələri də 44 günlük Vətən müharibəsinin ilk anlarından könüllü olaraq cəbhəyə getmiş, torpaqlarımızın yağı düşməndən azad olunmasında fəallıqla iştirak etmiş və 18 nəfər gənc şəhidlik zirvəzinə ucalmışdır.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında vurğulayıb ki, II Qarabağ Müharibəsi dövründə Gəncə çətin günlər yaşasa da, mülki əhali arasında şəhidlər olsa da şəhər sakinləri heç nədən qorxmadılar və həmrəylik nümayiş etdirərək Prezident İlham Əliyevin ətrafında sıx birləşdilər.
Tədbirdə YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov çıxış edib. Bildirib ki, xalqımız və rəşadətli Ordumuz 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa edildi. Bu möhtəşəm Qələbə Prezident-Xalq birliyinin təntənəsi oldu.
Türkiyə Cümhuriyyətinin Gəncədəki baş konsulu Recep Öztop vurğulayıb ki, 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi.
Çıxış edənlər ölkəmizin şanlı tarixinə qəhrəmanlıq səhifələri yazan qorxmaz igidlərdən qürurla danışıblar. Tədbir iştirakçıları Birinci Qarabağ Müharibəsində əfsanəvi kəşfiyyat komandiri, düşmənə sarsıdıcı zərbələr endirmiş Azərbaycanın Milli Qəhrəmanı İbad Hüsenovla fəxr etdiklərini dilə gətiriblər. Vurğulanıb ki, yüzlərlə günahsız insanların qatili, Türk Dünyasının qəddar düşməni Monte Melkonyanı məhv edən İbad Hüsenovun şücaəti, qəhrəmanlığı bütün xalqımız üçün örnəkdir. Vətənimizin igid oğlunun qəhrəmanlığını ilk öncə Ulu Öndər Heydər Əliyev qiymətləndirərək Azərbaycan Ordeni Bayrağı ilə təltif etmişdir. 2020-ci ildə isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə İbad Hüseynova Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş, Türkiyə Prezidenti Rəcap Tayib Ərdoğan onu Türk Dünyası Qəhrəmanı adlandırmışdır. Ölkəmizdə və Türkiyədə küçələrə, parklara Milli Qəhrəman İbad Hüseynovun adı verilmiş, həmçinin qardaş ölkədə onun heykəli ucaldılmışdır.
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov, GDU-nun məzunu şəhid Rəşad Məmmədovun anası Rəfiqə Süleymanova, şəhid Vidadi İsrafilovun atası Vaqif İsrafilov və Vətən müharibəsi qazisi Nizami Həsənov çıxışlarında onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Həmçinin, ali təhsil ocağında yüksək ixtisaslı kadr hazırlığı ilə yanaşı, gənclərin vətənpərvər ruhunda yetişdirilməsinə önəm verən, daim qazi və şəhid ailələrinin yanında olan univseritet rəhbərliyinə təşəkkür ediblər.
Zəfər Gününə həsr edilən tədbir tələbələrin vətənpərvərlik ruhunda hazırladığı musiqili, ədəbi-bədii proqramla davam edib.
Qeyd edək ki, tədbir yekunlaşdıqdan sonra ali təhsil ocağının Tələbə Evinin kafesində universitet rəhbərliyi tərəfindən Qarabağ müharibəsinin qaziləri və şəhid ailələri üçün nahar süfrəsi təşkil edilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti