ZƏFƏR PARADI-QALİB XALQIN SEVİNCİ

Dekabrın 10-da Azərbaycan Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbənin nümayişini – Zəfər paradını təntənə ilə qeyd etdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən Zəfər paradı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

“Dəmir yumruq” əməliyyatı – Zəfər paradı xalqımızın, dövlətimizin və bu qələbədə böyük əməyi olan ordumuzun böyük qürur və sevincini tərənnüm edirdi.

Ermənistanın sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda “Dəmir yumruq” əməliyyatına başladı.

Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” ifadəsi əməldə, yəni 44 günlük Vətən müharibəsinin sonunda, döyüş meydanında öz təsdiqini tapdı. Noyabrın 8-də Qarabağın gözü, Xarı Bülbülün vətəni olan Şuşanın igid oğullarımızın düşmənlə əlbəyaxa vuruşmasından sonra azad edilməsi Vətən müharibəsinin taleyini həll etmiş oldu. Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyən düşmən noyabrın 10-da təslim aktını imzalamağa məcbur qaldı. Noyabrın 8-i – Şuşanın azad edildiyi gün Azərbaycan xalqının tarixinə “Zəfər günü” kimi daxil oldu. Azərbaycan 27 sentyabrdan 10 noyabradək döyüşdə möhtəşəm qələbə qazandı. Ermənistanın kapitulyasiyasına nail olan Azərbaycan 10 noyabr Bəyanatından sonra hərbi qələbəsini siyasi-diplomatik müstəvidə davam etdirdi.

Ərazi bütövlüyümüzü bərpa etdik, 30 ilin sonunda qələbəmizi qazandıq. Biz  Ali Baş Komandan İlham Əliyvin ətrafında sıx birləşərək, “Dəmir yumruq” olaraq Füzulini, Ağdamı, Cəbrayılı, Qubadlını, Zəngilanı, Kəlbəcəri, Laçını, Şuşanı abad edəcək, gülüstana çevirəcəyik.