“Antikorrupsiya idarəetmə standartları – korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması” mövzusunda zona seminar müşavirəsi

Gənclər və İdman nazirliyinin xətti ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi ilə birlikdə Gəncə Dövlət Universitetində “Antikorrupsiya idarəetmə standartları – korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması”   mövzusunda zona seminar müşavirəsi keçirilib.

Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, zona seminar müşavirəsinə Gəncəbasar, Şirvan, Şəki-Zaqatala və Qarabağ zonasına daxil olan 33 rayon (şəhər) gənclər və idman idarələrinin rəhbər heyəti ilə yanaşı digər əlaqədar təşkilatlar, ASAN xidmət və QHT nümayəndələri qatılıblar.

“Korrupsiyaya qarşı idarəetmə sistemləri”nin öyrənilməsinə həsr olunan müşavirədə Gənclər və İdman Nazirliyinin  məsul əməkdaşı Namiq Abdullayevin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya Təminatı İdarəsinin prokurorları  birinci dərəcəli hüquqşünaslar Arif Əyyubov və Elnur Hümbətovun çıxışları dinlənilib.

Eyni zamanda Gəncə Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsindən Elnur Hümbətov, ASAN xidmətdən və digər təşkilatlardan nümayəndələr müzakirələrdə fəal iştirak ediblər.
Tədbirdə  dünya ölkələrində korrupsiyaya qarşı tətbiq olunan idarəetmə sistemləri, mövcud standartlar, həmçinin Azərbaycan dövlətinin antikorrupsiya siyasətinin əsas strateji xətti barədə, ölkədə korrupsiya hüquqpozmalarına şərait yaradan halların aradan qaldırılması, elektron dövlətin rolu, şəffaflığın təmin olunması və digər preventiv tədbirlərin həyata keçirməsi ilə bağlı görülən işlər barədə məlumatlar verilib və geniş müzakirələr aparılıb.

Tədbirdə nazirlik tərəfindən yeni hazırlanmış “Korrupsiyaya qarşı mübarizəyə dair normativlər” kitabının təqdimatı keçirilib və seminar iştirakçılarına paylanılıb. Həmçinin Azərbaycanda vəzifəli şəxslər tərəfindən korrupsiya cinayətlərinin törədilməsinə dair bir sıra əməliyyat çəkilişləri göstərilıb və təqdimatdan sonra görülən işlər barədə məlumat verilib.

Nazirlik və onun yerli qurumlarında belə halların baş verməməsi istiqamətində görüləcək işlər barədə tapşırıqlar verilib, korrupsiyanın qarşısının alınması və buna görə qanunla müəyyən olunan məsuliyyət və tələblər dövlət qulluqçularının bir daha nəzərinə çatdırılıb.
Seminar müşavirədə dövlət qulluqçularının xidməti fəaliyyətinin, peşəkarlıq səviyyəsinin artırılması məqsədilə korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının pozulmasının qarşısının alınması, vətəndaş – məmur münasibətlərində etik normalara əməl olunması istiqamətində də idarə rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlar verilib. Etik davranış və digər qanun pozuntularına dair nazirliyin ünvanına daxil olmuş vətəndaş müraciətlərinin araşdırılmasına dair, həmçinin vətəndaş məmur münasibətlərində məmur etikasının vacibliyi, hər bir vətəndaşa fərdi qaydada yanaşılması və bu sahədə digər mühüm aspektlər barədə tədbir iştirakçıları ətraflı təlimatlandırılıblar.

Seminar müşavirənin sonunda biliklərin mənimsənilməsi üzrə qiymətləndirmə aparılması üçün idarə əməkdaşları test tapşırıqlarını yerinə yetiriblər.
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =