Gəncə Dövlət Universitetinin alimləri tərəfindən məktəblərdə keçilən açıq dərslər ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir

Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbdə Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri, biologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Vaqif Novruzovun “Azərbaycanın bitki örtüyünün bioloji müxtəlifliyi və genofondun mühafizəsi” mövzusuna həsr olunmuş nümunəvi “açıq dərs”i təşkil olunub.

Dərsdə universitetin professor-müəllimləri, gənc doktorantlar, həmçinin 39 saylı tam orta məktəbin biologiya müəllimləri və 9-10 cu sinif şagirdləri iştirak ediblər.

Əvvəlcə alim tərəfindən mövzu ilə bağlı dinləyicilərə ümumi məlumat verilib.

Bildirilib ki, bioloji müxtəliflik – biosferin bütün səviyyələrdə həyat qabiliyyəti funksiyasını müdafiə etməyin əsasıdır. Təbii ehtiyatların potensial imkanlarının müəyyənləşdirilməsi həmin sərvətlərdən səmərəli istifadə etməyi təmin etmək üçün vacibdir.

Təbiəti böhran vəziyyətindən çıxarmaq üçün dünya təcrübəsi göstərir ki, hər hansı bir cəmiyyətin davamlı inkişafının perspektivinin mühüm göstəricisi bu cəmiyyətin mövcudluğunun əsasını təşkil edən bioloji müxtəlifliyin qorunmasıdır. İnsanın bioloji müxtəlifliyə neqativ təsirlərindən ən mühümü bioloji müxtəlifliyin miqdarının azalması və bir çox bitki və heyvan növlərinin məhv olmasıdır.

Vaqif Novruzov “açıq dərs” iştirakçılarına bioloji müxtəlifliyin qorunması üçün beynəlaq təşkilatlar tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikasının da qoşulduğu mühüm konvensiyalar, qanunlar haqqında məlumat verib.

Qeyd edilib ki, 1994-cü ilin dekabr ayında Biomüxtəliflik Haqqında Konvensiya qüvvəyə minib. Bu konvensiyaya görə ölkələr və onların əhalisi bütün təbii ehtiyatların qanuni sahibidir.

BMTyə daxil olan ölkələrin 2000-ci ilin sentyabrında qəbul etdiyi “Minilliyin deklarasiyasının”, iqlimin dəyişilməsi, biomüxtəliflik, səhralaşma, meşə və su ehtiyyatlarının qorunmasına dair bölmələrində, XXI əsrdə baş verəcək qlobal ekoloji böhranın optimal strategiyası işlənib hazırlanıb.

Azərbaycan BMT-nin Ətraf mühitə dair Komissiyasının (Rio de-Janeyro, 2002) qəbul etdiyi biomüxtəlifliyə dair Konvensiyasına qoşularaq, biomüxtəlifliyin qorunmasına dair elmi istiqamətlərini müəyyənləşdirib.

Bu problem insan sivilizasiyası, o cümlədən müstəqil Azərbaycan respublikası üçün həyati əhəmiyyət kəsb edən aktual problemdir. Çünki, biomüxtəlifliyin bütövlüyü ekosistemlərin sabitliyini əks etdirir. Təbii ekosistemlərin məhv edilməsi prosesi sürətləndirir.

Vaqif Novruzov vurğulayıb ki, son dörd yüz ildə 484 heyvan, 654 bitki növü məhv edilib. Əgər XIX əsrin sonunda Yer kürəsində cəmi 200 növ onurğalı heyvan məhv olmuşdursa, bu gün BTMC-nın məlumatına görə gündə 1 növ heyvan məhv olur. Hazırda mindən çox quş növünün, sürünənlər, xırda dırnaqlıların məhvolma təhlükəsi yaranıb. Bütün qeyd olunanlar isə sonda ekoloji tarazlığın pozulmasına gətirib çıxarır.

BMT-nin məlumatına görə hər il dünya meşələrinin 25 milyon sahəsi qırılıb məhv edilir. Hazırda dünyada 1 dəqiqə ərzində 50 hektar meşə sahəsi məhv edilir. Bu gün Beynəlxalq “Qırmızı kitaba” 9 min heyvan, 7 min bitki növü daxil edilib. Hazırda insanın aktiv təsərrüfat fəaliyyəti nəticəsində proses daha da sürətlənib.

İştirakçılara alim tərəfindən Azərbaycanda biomüxtəlifliyin qorunmasının müasir vəziyyəti haqqında da ətraflı məlumat verilib.

Bildirilib ki, Azərbaycan botaniki baxımdan, Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir. respublikamızda floranın zənginliyinə və rəngarəng bitki örtüyünün olmasına səbəb onun fiziki – coğrafi və tarixi-təbii şəraitinin müxtəlif olması, həmçinin uzaq floristik vilayətlərin təsiri altında formalaşmış mürəkkəbləşmiş flora ilə əlaqədardır. Azərbaycan florası 150 fəsilə, 1000 cinsə aid 4500 növdən ibarət olub, Qafqaz florasının 64 faizini, keçmis İttifaq florasının 24 faizini, dünya florasının isə 11 faizinii təşkil edir.

Akademik Həsən Əlyev yazırdı:“Qafqaz dünyanın zəngin təbiət muzeyidir.Onun bir parçası olan Azərbaycan misilsiz gözəlliklər diyarıdır. İl boyu zirvəsi qarla örtülü olan dağlar, könül açan sərin yaylaqlar, zəngin və nadir ovalıqlar, təkrarolunmaz gözəlliyə malik göllər, suvarma və enerji əhəmiyyətli çaylar, min bir dərdin dərmanı olan bulaqlar Azərbaycanın qədir-qiymətini birə-min artırır. Burada yerin altı tükənməz xəzinə, üstü isə canlı muzeydir…”

Lakin insanın təsərrüfat fəaliyyəti nəticəsində respublikamızda son 60-70 ildə bir çox reliktlərin arealları kiçilib, bəzilərinin isə çox az rast gəlməsi və ya tamamilə məhv olması müşahidə edilib. Bozdağ, Diabar, Beşbarmaq, Kəpəz dağ silsilələrinin buzlaşma dövrünün sonundakı bitki senozlarında Eruimum, Xeranthemum, Stipa, Dianthus cinslərinə aid növlər geniş yayıldığı halda, hazırda onların çoxu sıradan çıxıb.

Qeyd edilib ki, XVII – XIX əsrlərdə Azərbaycan ərazisinin 35 faizini meşəliklər təşkil edib. Hazırda meşələrin ümumi sahəsi 1021 min hektardır. Bu da respublika ərazisinin 11,8 faizini təşkil edir. 261 min hektar meşə sahəsi Ermənistan tərəfindən işğal edilib. Hazırda Azərbaycanda adambaşına cəmi 0,12 hektar meşə sahəsi düşur.

Ümumiyyətlə XX əsr təbiətə, onun sərvətlərinə qəddar münasibət bəslədiyi dövr kimi bəşəriyyətin tarixinə “qara səhifə” kimi həkk olunub.

Alim deyib ki, müasir dövrün ən mühüm problemlərindən biri də ətraf mühitin mühafizəsidir. Hər bir bioloji növ uzun sürən təkamül nəticəsi olub, canlı təbiətin qiymətsiz unikal əsəridir. Ətraf mühitin mühafizəsinin aktuallığı XX əsrin ortalarında insanların antropogen təsirli qlobal xarakter aldığı daha aktualdır. Yer kürəsinin insanları heç də həmişə özlərinin genetik fonduna ağılla, dərrakəylə yanaşmır. Bu gün heç kimə sirr deyil ki, insanın təqsiri üzündən yüzlərlə bitki, heyvan növləri və başqa biogeokomplekslər məhv edilib. Məhz buna görə təbii ehtiyatlardan səmərəli istifadə olunması nadir, relikt və məhvolma təhlükəsində olan bitki növlərinin və biogeosenozların mühafizəsi termokompleksi, yəni mürəkkəb relyef strukturu populyasiyaların miqdarının artırılması və səmərəli istifadə olunması üçün qoruqların və milli parkların yaradılması vacibdir.

Həmçinin Vaqif Novruzov Azərbaycanın bitki örtüyünün bioloji müxtəlifliyi və genofondun mühafizəsi məqsədilə vaxtilə ümummilli Lider Heydər Əliyev tərəindən görülmüş çoxsaylı tədbirlər barəsində ətraflı məlumat verib.

Qeyd edilib ki, ulu öndərin ideyaları bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Bioloji müxtəlifliyin qorunub saxlanmasıda Xüsusi Mühafizə olunan təbiət ərazilərinin rolu əvəz olduğunu deyən alim bildirib ki, indiki şəraitdə, torpaq və meşə ehtiyatlarlarının insanlar tərəfindən sistemsiz istifadə olunması, ərazinin sənayeləşmə və urbanizasiya əhatəsinə düşməsi, texniki təsirlərlə (suvarma, qurutma, becərmə və sair) təbii şəraitin kökündən dəyişməsi bioloji müxtəlifliyin davamlı inkişafına problem yaradıb. Nəticədə ekosistemlərin bərpası və qorunmasını təmin etməyə imkan verən təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Məhz Xüsusi Mühafizə olunat təbiət ərazilərinin fəaliyyəti nəticəsində nadir və nəsli kəsilməkdə olan flora və fauna növlərinin qorunub saxlanılmasına imkan yaranıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə Kürsahili Tuqay meşələrinin qorunması və bərpası məqsədilə 1978-ci ildə 4 min 855 hektar ərazidə yaradılmış Qarayazı Dövlət Təbiət qoruğunun ərazisi 2003-cü il 2 iyun tarixdə genişləndirilərək 9 min 658 hektara çatdırılıb.

Eldar şamlığı qoruğu (392 hektar) uzun müddət Türyançay qoruğunun filialı olub. 1967-ci ildən Göy-göl Dövlət Təbiət Qoruğunun filialı kimi fəaliyyət göstərib. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli sərəncamı ilə Samux rayonu inzibati ərazisində sərbəst Eldar Şamı Dövlət Təbiət Qoruğu yaradılıb. Qoruğun sahəsi genişləndirilərək 1686 hektara çatdırılıb. Qoruğun yaradılmasında əsas məqsəd nadir və endemik növ olan Eldar şamının və ardıc ağaclarının qorunub saxlanılmasıdır.

Prezident İlham Əliyevin 24 mart 2006-cı il tarixli müvafiq sərəncamı ilə «Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət planı» təsdiq edilib. Fəaliyyət planının ölkənin iri şəhərlərində (Gəncə, Mingəçevir, Sumqayıt, Əlibayramlı, Şəki, Naxçıvan) nəbatat bağlarının yaradılması, biomüxtəlifliyin zənginləşdirilməsi məqsədi ilə mövcud park və yaşıllıq zonalarının qorunub saxlanması, genişləndirilməsi və yenilərinin salınmasının təşkili, eləcə də regionlar üzrə bioloji müxtəlifliyə malik olan ekosistemlərin müəyyənləşdirilməsi və qorunub saxlamaq məqsədilə onların qiymətləndirilməsi qarşıya qoyulub.

Sərəncamda bu sahədə milli strategiya və fəaliyyət planının əsas istiqamətləri müəyyənləşdirilərək qarşıda duran vəzifələrin həlli və konkret işlərin həyata keçirilməsi ilə bağlı tapşırıqlar verildib Beləliklə, təbii sərvətlərimizin mühüm tərkib hissəsi olan bioloji müxtəlifliyin, yəni bütün yaşayış mühitlərində, o cümlədən quruda, dənizdə və digər su ekosistemlərində və ekoloji komplekslərdə mövcud olan canlı orqanizmlərin qorunması üçün tarixi bir addım atılıb.

28 sentyabr 2006-cı il tarixində Prezident İlham Əliyev “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nda təsdiq edilməsi ilə əlaqədar sərəncam imzalayıb. Bu sərəncamla ətraf mühitin qorunması, Azərbaycanın mövcud ekoloji problemlərinin aradan qaldırılması, təbiəti mühafizə şərtlərinin yaxşılaşdırılması və sair aktual məsələlərlə bağlı kompleks tədbirlər planının həyata keçirilməsinə başlanılıb. Hazırda bu sahədə aparılan işlər öz ilkin bəhrəsini verməkdədir.

Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, biomüxtəlifliyin qorunub saxlanılması, təbii resursların səmərəli istifadə edilməsi, ekoturizmin inkişaf etdirilməsi və respublikanın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1 aprel 2008-ci il tarixli sərəncamı ilə Göy- göl dövlət qoruğunun,  Xanlar, Daşkəsən və Goranboy rayonları inzibati ərazilərində 12 min 755 hektarlıq sahəsində Göy-göl Milli Parkı yaradılıb. Nadir təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətdə qorunub saxlanılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 01 aprel tarixli sərəncamı ilə Goranboy rayonu inzibati ərazisində 4 min 833,6 hektarlıq sahədə Korçay Dövlət Təbiət Qoruğu yaradılıb.

Ümumiyyətlə Azərbaycanda təbii ekosistemlərin mühafizəsi üçün 8 milli park, 11 dövlət təbiət qoruğu, 4 təbii yasaqlıq yaradılmış, 890 min hektar ərazi mühafizə altına alınıb. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir.

Professor Vaqif Novruzovun təqdim etdiyi nümunəvi “açıq dərs” dinləyicilər tərəfindən yüksək qarşılanıb. Dərslə bağlı təəssüratlarını bildirənlər bu cür nümunəvi dərslərin Gəncə şəhərinin digər ümumtəhsil məktəblərində də keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüşün sonunda professor Vaqif Novruzov tərəfindən məktəbin laboratoriyasına bir ədəd müasir mikroskop və müəllifin nəşr etdirdiyi kitablar hədiyə olunub.