Qanlı Yanvar Azərbaycanın müstəqilliyinin bərpasına aparan yolun başlanğıcıdır

Gəncə Dövlət Universitetində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş silsilə tədbir təşkil olunub.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetin rektoru, professor Yusif Yusibov çıxışında bildirib ki,  Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə səbəb olub.

Qeyd edilib ki, 20 Yanvar faciəsi insanlığa qarşı yönəldilmiş ən ağır cinayətlərdən biridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Bakıya əksəriyyəti ermənilərdən ibarət olan qoşun yeridib. Hadisə nəticəsində Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi, o cümlədən yaşlıları, qadınları və uşaqları amansızcasına öldürüb, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilib. Hətta yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılıb, nəticədə tibb işçiləri şəhid olub, yaralanıblar. Yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra daha 21 nəfər öldürülüb. Hücum zamanı qadağan edilmiş silah və sursatdan istifadə olunub, ölçüyəgəlməz dağıntılar törədilib. Hadisə ilə bağlı məlumatın əhalidən gizlədilməsi məqsədilə respublika televiziyasının enerji bloku partladılıb.

Yalnız, o zaman Moskvada məcburi təqaüdə göndərilmiş ümummilli lider Heydər Əliyev özünün və yaxınlarının həyatını təhlükə qarşısında qoyaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, buraya yığışmış azərbaycanlılar qarşısında çıxış etmiş, imperiya siyasətini, Qorbaçovun xalqımıza məkrli siyasətini kəskin tənqid etmişdir.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.

Sonra tələbələrin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Sonda son dövrlərdə universitetin alimləri tərəfindən yazılan kitabların sərgisi tədbir iştirakçılarına təqdim olunub.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + 15 =