“UĞURA GEDƏN İLK ADDIM”ADLI SEMİNAR KEÇİRİLMİŞDİR

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü, Təcrübə və karyera şöbəsinin dəstəyi ilə Universitetin baza məktəblərindən Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə “Uğura gedən ilk addım”adlı seminar  keçirilmişdir. Seminarda məktəbin rəhbərliyi, müəllim və təqribən 150 nəfər şagird heyyəti, universitetin təcrübəçi tələbələri,Təcrübə və karyera şöbəsinin müdiri dosent Mahir Məmmədov, təcrübə rəhbəri dosent Cabbar Qarayev iştirak etmişlər.

İlk öncə Universitetin Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov çıxış edərək, təşkilatın fəaliyyəti, həyata keçirilən tədbirlər, layihələr haqqında ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, təşkilatın fəaliyyəti təkcə Universitetin həyatı ilə hüdudlanmır. Orta məktəb şagirdləri ilə də tez-tez əlaqələr yaradır, onların arasında bilik yarışları keçirir, şəhərimizin tarixi yerlərinə ekskursiyalar təşkil edirik. Biz bu müştərək tədbirlərlə həm tələbə və şagirdlərin asudə vaxtlarını mənalandırır, həm də orta məktəblə ali məktəbin əlaqələrinin möhkəmlənməsinə köməklik göstəririk.

Seminarı universitetin magistratura şöbəsinin tələbəsi İzzət Rəhimli aparmışdır. Əsasən məktəbin yuxarı sinif şagirdlərində şəxsiyyətin qazana biləcəyi uğurlar, qarşıya çıxan problemlər və onların aradan qaldırılması kimi məsələlərdən bəhs olunmuş, qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Böyük maraqla qarşılanan tədbirin sonunda  video-çarx izləndi.