ƏMƏKDAR ELM XADİMİ, PROFESSOR XƏLİL YUSİFLİ VƏFAT ETMİŞDİR

Azərbaycan elminə ağır itki üz vermişdir. Görkəmli Nizamişünas alim, professor Xəlil Həmid oğlu Yusifli dünyasını dəyişmişdir.

Xəlil Həmid oğlu Yusifli 17 iyul 1935-ci ildə Qazax rayonunun Əli Bayramlı (indiki Aslanbəyli) kəndində kəndli ailəsində anadan olmuşdur. Atası Həmid Ömər oğlu Yusifov 1943-cü ildə İkinci Dünya müharibəsində itkin düşmüş, o, qardaşı Ömər və bacısı Mələklə birlikdə anası Tükəzban Həsən qızının himayəsində böyümüşdür.

1945-1955-ci illərdə Əli Bayramlı kənd orta məktəbində oxuyub təhsil almış, 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinə daxil olmuş və 1960-cı ildə həmin universiteti bitirmişdir.

1961-ci ildən Nizami adına Ədəbiyyat və Dilçilik İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlamışdır. 1962-1965-ci illərdə institutun “Qədim və orta əsrlər ədəbiyyatı” şöbəsinin aspirantı olmuşdur. 1967-ci ildə “Nizaminin lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi, 1987-ci ildə “Nizami Gəncəvi və Şərq İntibahı” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru adını almışdır. 1989-cu ildən professordur.

Ömrü boyu Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi ilə məşğul olmuşdur. “Nizaminin lirikası”, “Şərqdə İntibah və Nizami Gəncəvi” monoqrafiyaları bu tədqiqatın əsas nəticələridir. Bundan əlavə Nizami ilə bağlı çoxsaylı məqalələr yazıb nəşr etdirmişdir. Bunun nəticəsi olaraq yeni latın qrafikalı əlifbaya keçidlə bağlı 2004-cü ildə Nizami əsərlərinin yeddi kitabda çapa hazırlanması  Xəlil Yusifliyə  həvalə olunmuşdur.

Bütövlükdə “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı”nın əsas tədqiqatçılarından biridir. O, “Məhcur Şirvani yeni təfəkkür işığında”, “Dünya ədəbiyyatı tarixi”, “Orta əsrlər Azərbaycan şeirində janrlar və bədii ifadə vasitələri” kimi kitabların müəllifidir. Klassik ədəbiyyatın bir çox nümunələrinin tərcüməsi və tərtibi sahəsində də xeyli iş görmüşdür. M.Əvhədinin “Cəmşidin camı” (Q.Beqdeli ilə, Bakı: 1970; Tehran: 1986; Bakı: 2004), Arif Ərdəbilinin “Fərhadnamə” (Bakı: 2007), Məhsətinin “Rübailər”, Nizaminin “Xosrov və Şirin” (Bakı, 2011) və bir sıra başqaları da bu qəbildəndir.

İlk dəfə Həqirinin “Leyli və Məcnun” poemasını tərtib edərək geniş ön sözlə nəşr etdirmişdir. AMEA-nın Gəncə şəhərindəki  Nizami Gəncəvi Mərkəzinin direktoru vəzifəsində çalışır. 2007-ci ildə Yusifli Xəlil Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə önsöz və çevirmələrlə birlikdə hər biri 400 səhifə həcmində olan daha yeddi kitab tərtib edərək nəşr etdirmişdir. Qazi Bürhanəddinin, Vidadinin, Vaqifin, Seyyid Əzim Şirvaninin, Sabirin, Zakirin, Hadinin əsərlərindən ibarət olan bu kitablar alimin elmi fəaliyyətinin genişliyindən xəbər verir.

Yusifli Xəlil Həmid oğlu həyat və yaradıcılığının çox hissəsi Gəncə Dövlət Universiteti ilə bağlıdır. O, 1969-cu ilin oktyabr ayından  o vaxtkı H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasında baş müəllim, 1970-ci ilədək dil-ədəbiyyat fakultəsində dekan müavini, 1971-ci ildən 1986-cı ilədək Azərbaycan ədəbiyyatı və onun tədrisi kafedrasında dosent, 1979-cu ildən 1980-ci ilədək Azərbaycan dili və ədəbiyyat fakultəsində dekan müavini, 1986-cı ildən 1990-cı ilədək Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının professoru vəzifələrində çalışıb.1990-cı ildən 1995-ci ilədək H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasında müdir, 1995-ci ildən 2019-cu ilədək Gəncə Dövlət İniversitetində Azərbaycan və dünya ədəbiyyatı kafedrasında professor, 2019-cu ildən isə ömrünün sonunadək bu kafedrada professor-məsləhətçi vəzifələrində çalışmışdır.

Azərbaycanda təhsil, elm və jurnalistikanın inkişafındakı xidmətlərinə görə 2009-cu ildə “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

N.Gəncəvi irsinin tədqiqi və tədrisində uzunmüddətli səmərəli fəaliyyətinə görə Xəlil Yusifli 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Görkəmli Nizamişünas alim, Əməkdar Elm xadimi, gözəl insan Xəlil Yusiflinin əziz xatirəsi onu tanıyanların xatirəsində əbədi yaşayacaqdır.

Gəncə Dövlət Universitetinin kollektivi.