“1826-cı il Cənubi Qafqaz Ümummüsəlman üsyanının 200 illiyi”nə həsr olunmuş respublika elmi konfransı keçirilib
AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “1826-cı il Cənubi Qafqaz Ümummüsəlman üsyanının 200 illiyi”nə həsr olunmuş respublika elmi konfransı keçirilib.
Gəncə Dövlət Universitetində keçiriliən konfransda Tarix və Etnologiya İnstitutu və Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti iştirak edib.
GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva giriş sözü ilə çıxış edərək bildirib ki, tarix xalqın yaddaşı, milli kimliyinin və mənəvi dəyərlərinin daşıyıcısıdır. Keçmişimizi öyrənmək, tarixi hadisələri obyektiv şəkildə araşdırmaq və gələcək nəsillərə çatdırmaq hər birimizin mühüm vəzifəsidir. Bu baxımdan, 1826-cı ildə Cənubi Qafqazda baş vermiş hadisələrin tədqiqi böyük əhəmiyyət daşıyır.
Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxışında vurğulayıb ki, XIX əsrin əvvəllərində regionda baş verən mürəkkəb siyasi proseslər, xarici müdaxilələr və müstəmləkəçilik siyasəti yerli əhalinin həyatına ciddi təsir göstərmişdir. Məhz belə bir şəraitdə xalqın öz milli-mənəvi dəyərlərini, torpaqlarını və hüquqlarını qorumaq uğrunda göstərdiyi müqavimət tariximizin mühüm səhifələrindən birini təşkil edir. Bu hadisələr xalqımızın mübarizə əzminin və vətənə bağlılığının bariz nümunəsi kimi qiymətləndirilir. Konfransın əsas məqsədi həmin dövrün hadisələrini yeni elmi yanaşmalar əsasında araşdırmaq, mövcud tarixi mənbələri təhlil etməkdir.
Daha sonra A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun professoru Hacı Həsənovun “Hüseyn Minasazov. Onun Bir inqilabın 100 ili adlı əsəri” , dosent Ramil Niftəliyevin “1826-cı il Gəncə üsyanı. Uğurlu ağa Ziyadoğlu”, dosent Mirnazim Cəfərovun “Qacarların xarici Siyasəti”, dosent Zeynəb Qafarova 1826-cı il Gəncə döyüşü”, dosent Emilya Əliyevanın Gəncə qalası XIX əsrin ilk sülsülündə”, aparıcı elmi işçi Xuraman Vəliyevanın “Gəncə Ziyadoğulları”, elmi işçi Dinarə Babayevanın “Car-Balakən camatının 1826-cı il çıxışları”, elmi işçi Ruqiyə Talıbovanın “Abbas Mirzə Qacar”, Gəncə Dövlət Universitetinin dosenti Etibar Musayevin “Qafqazda anti-müstəmləkə hərəkatları çərçivəsində”, dosent Hüseyn Bəxtiyarlının “Cənubi Qafqaz ümummüsəlman üsyanı (Tarixi faktlar konteksində )” mövzularında geniş məruzələri dinlənilib.
Daha sonra rektorun baş müşaviri Asif Cavadov, Tarix və Coğrafiya fakültəsinin dekanı Urfan Həsənov, Sosial Fənlər kafedrasının müdiri Cavid Bağırov, kafedranın baş müəllimi Üzeyir Balakişiyev, Azərbaycan tarixi kafedrasının müdiri Gülarə Əliyeva və kafedranın baş müəllimi Eldar Mehdiyev çıxış edərək tarixi hadisələrə nəzər yetiriblər.
Tarix və Etnologiya İnstitutunun və Gəncə Dövlət Universitetinin əməkdaşları çıxışlarında elmi konfransın elmi əməkdaşlığın genişlənməsinə xidmət edəcəyini vurğulayıblar. Diqqətə çatdırlıb ki, bu gün müstəqil Azərbaycanda tariximizin hərtərəfli və obyektiv şəkildə tədqiq olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Arxiv materiallarının araşdırılması və tarixi hadisələrə müasir baxışın formalaşdırılması tarix sahəsinin qarşısında duran əsas vəzifələrdəndir.











