Qüdrətli Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir

Müasir dövlətçilik anlayışında güclü ordu yalnız hərbi qüdrətin göstəricisi deyil, həm də dövlətin müstəqilliyinin, milli təhlükəsizliyinin və suverenliyinin əsas təminatçısıdır. Azərbaycan da müstəqilliyini bərpa etdikdən sonra qarşısında duran ən mühüm vəzifələrdən biri kimi güclü milli ordunun formalaşdırılmasını müəyyənləşdirib. Bu gün 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun keçdiyi inkişaf yoluna nəzər saldıqda aydın görünür ki, əldə olunan uğurlar təsadüfi deyil. Bu uğurların təməlində uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasəti, milli maraqlara əsaslanan strateji qərarlar və xalqın öz ordusuna olan böyük etimadı dayanır.

Azərbaycanın müasir ordu quruculuğunun ideoloji və institusional əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılıb. Hələ sovet dövründə Azərbaycanın gələcək hərbi potensialını düşünən Ulu Öndər milli hərbi kadrların hazırlanmasını prioritet vəzifələrdən biri kimi müəyyən etmişdi. Məhz onun təşəbbüsü ilə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Lisey sonrakı dövrdə minlərlə peşəkar zabit və hərbçinin yetişməsində mühüm rol oynadı. Azərbaycanın müstəqillik əldə etməsindən sonra isə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə nizami ordu quruculuğu prosesi sistemli xarakter aldı. 1990-cı illərin mürəkkəb siyasi və hərbi şəraitində Azərbaycanın dövlət müstəqilliyini qoruması, daxili sabitliyi təmin etməsi və gələcək inkişafının əsasını qoyması məhz güclü dövlət idarəçiliyi və ordu quruculuğu siyasəti sayəsində mümkün oldu. Hər bir ordunun döyüş qabiliyyətini müəyyən edən əsas amillərdən biri onun mənəvi gücüdür.     

1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.

Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.

 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.

  Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanılır.

  Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrilib. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir.

  2016-cı ilin 2  aprel tarixində Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı.

Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra – 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.

  Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində – noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis edilmişdir.

 Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi. Dövlətimizin başçısının 2018-ci ildə keçirilən paradda dediyi kimi, düşmənin ələ keçirilən silah-sursat və texnikası ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlət bayraqlarımız da Zəfər Paradında nümayiş etdirildi.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun qazandığı Qələbələr nəticəsində ərazi bütövlüyü və suverenliyi bərpa olunan Azərbaycanın Üçrəngli Bayrağı qürurla dalğalanır, işğaldan azad olunmuş torpaqlarımızda da bayramlar böyük coşqu ilə qeyd olunur.

Son illər ərzində Azərbaycan Ordusunun regionun ən güclü silahlı qüvvələrindən birinə çevrilməsi məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli rəhbərliyi və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Dövlətimizin başçısının rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən ardıcıl islahatlar, müasir silah və texnikaların alınması, hərbi qulluqçuların sosial rifahının yüksəldilməsi Azərbaycan Silahlı Qüvvələrinin gücünü əhəmiyyətli dərəcədə artırıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti