“Qərbi Azərbaycan: Tarix, həqiqətlər və faktlar”
Gəncə Dövlət Universitetində “Qərbi Azərbaycan: Tarix, həqiqətlər və faktlar” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırım, etnik təmizləmə və deportasiya siyasətindən danışıb. Qeyd edib ki, XX əsrdə mərhələlərlə davam etmiş ermənilərin deportasiya siyasəti tarixi-mədəni irsimizin məhvi ilə də nəticələnib, abidələrimiz dağıdılıb, qədim Azərbaycan toponimləri saxta və uydurma adlarla əvəzlənib. O da diqqətə çatdırılıb ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Qərbi Azərbaycana qayıdışın da siyasi və hüquqi əsasını qoyub. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, mahir sərkərdəlik bacarığı sayəsində II Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərindəki möhtəşəm Qələbələri, Azərbaycanın suverenliyinin tam bərpa edilməsi və ölkə başçısının Xankəndi və digər ərazilərimizdə bayrağımızı ucaltması dövlətimizin gücünü və xalqımızın məğrurluğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Xalqımız əmindir ki, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın davamı olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qərbi Azərbaycana qayıdış da reallaşacaqdır.
Tədbirdə Anatomiya, fiziologiya vo zoologiya kafedrasının müdiri, professor Vəfa Məmmədova “Qərbi Azərbaycanda yayılmış faydalı həşəratlar”, Botanika kafedrasının professoru Aynur Bayramova “Şərqi Zəngəzur florasının müasir vəziyyəti”, Sosial fənlər kafedrasının müdiri, dosent Cavid Bağırzadə “1918-1920-ci illərdə Göyçə mahalında soyqırım hadisələri”, Botanika kafedrasının dosenti Yeganə Aslanova “Qərbi Azərbaycanda bitən bitkilərin bioekoloji xüsusiyyətləri və əhəmiyyəti”, Ümumi tarix kafedrasının əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Nərgiz Rəsulova “1918-1920-ci illərdə İrəvan quberniyasında ermənilərin törətdikləri soyqırımlar”, Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi Güləbatın Hümbətova “Qərbi Azərbaycan torpaqlarında heyvandarlığın inkişafı”, Azərbaycan dili kafedrasının baş müəllimi Samirə Quliyeva “Qərbi Azərbaycan -yurd yerimiz” və Psixologiya kafedrasının baş müəllimi Sabirə Bayramova “ Vedidən başlayan yol” adlı məruzə ilə çıxış ediblər.
Tədbirin davamında 18 iyun 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikasında keçirilmiş “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalda iştirak edən GDU-nun əməkdaşları həmin tədbirdən yaddaqalan məqamlardan bəhs ediblər.












