Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığında yeni mərhələ başlayır
Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri Mərkəzi Asiya ölkələri ilə münasibətlərin yüksələn xətlə inkişafıdır. İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri bir daha Azərbaycanla Mərkəzi Asiya ölkələri, həmçinin Türk dünyası ilə əlaqələrin inkişafına işıq saldı. Qarşılıqlı səfərlərin dinamikliyi fonunda ortaq tarixdən strateji tərəfdaşlığa və regional güc mərkəzinə doğru inamla irəliləyən Azərbaycan-Türkmənistan münasibətlərinin gələcək inkişafı üçün yeni imkanlar yaranır. Köklü etnik-mədəni mənşəyə, dil, din və tarixi tale birliyinə malik olan bu iki Xəzəryanı dövlət 2017-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” ilə ikitərəfli münasibətlərini keyfiyyətcə yeni, daha yüksək müstəviyə qaldırıb. Aşqabad arasında mövcud olan qardaşlıq bağları həm güclü liderlərin siyasi iradəsi, həm də Trans-Xəzər nəqliyyat və enerji layihələrinin iqtisadi səmərəliliyi baxımından nümunəvi inkişaf modelini nümayiş etdirir.
Azərbaycan və Türkmənistan Xəzər hövzəsində yerləşən, böyük enerji potensialına malik ölkələrdir. Türkmənistan dünyanın ən iri qaz ehtiyatlarına sahib dövlətlərindən biridir. Azərbaycan isə Şərq-Qərb nəqliyyat dəhlizində Türkmənistan üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan iki ölkə arasında əməkdaşlığın geniş perspektivləri mövcuddur. Xüsusilə enerji, nəqliyyat-logistika, ticarət, gəmiçilik və tranzit sahələrində əməkdaşlıq potensialı böyükdür. Türkmənistanın özü də Şərq-Qərb nəqliyyat dəhlizinin üzərində yerləşir və Azərbaycan bu marşrutun əsas elementlərindən biridir. Azərbaycanla Türkmənistan arasında münasibətlər son illər strateji xarakter almağa başlayıb. Xüsusilə 2020-ci ildən sonra ikitərəfli əlaqələrin inkişafı müsbət istiqamətdə sürətlənib.
Türkmənistan üçün Azərbaycanın inkişaf etmiş nəqliyyat infrastrukturundan tranzit məqsədləri ilə istifadə etmək maraqlıdır. Xəzər dənizində birgə layihələrin həyata keçirilməsi üçün də geniş imkanlar mövcuddur. Türkmənistan qazının gələcəkdə Azərbaycanın Cənub Qaz Dəhlizi infrastrukturu vasitəsilə beynəlxalq bazarlara çıxarılması perspektivləri kifayət qədər genişdir. Trans-Xəzər layihələrinin həyata keçirilməsi Mərkəzi Asiya ölkələri üçün alternativ ixrac marşrutu yarada bilər və Azərbaycanın bu istiqamətdə rolunu daha da gücləndirər. Ticarət dövriyyəsinin artırılması üçün də böyük potensial mövcuddur.
Ölkələrimiz arasında müxtəlif sahələrdə genişlənən və daha da dərinləşən əməkdaşlıq münasibətləri onu deməyə əsas verir ki, dost və qardaş ölkələr olan Azərbaycan və Türkmənistan indiyədək əldə olunan dinamikanı bundan sonra da artıracaq və yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirəcəklər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti


