20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi

Bu tarix Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.  Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.

Bu sözlər Universitetdə 20 Yanvar faciəsinə həsr edilmiş elmi-praktik konfransda səsləndirilib.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva qeyd etmişdir ki, 20 Yanvar hadisəsindən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Qan yaddaşımıza əbədi həkk olunmuş 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir. 1990-cı il yanvarın 20-də xalqımıza qarşı törədilən qanlı terror hadisələri müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan Azərbaycan xalqının iradəsini, əzmini qırmaq məqsədi daşıyırdı. Lakin onların məkrli niyyətləri baş tutmadı. Həmin gecə Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimiz ölümləri ilə ölməzliyə qovuşaraq, tariximizin ən parlaq səhifəsini yazdılar. Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. O zaman yalnız Ümummilli Liderimiz Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti  qətiyyətlə ittiham edərək kəskin  bəyanatla çıxış etmişdir. 1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.

Elm və innovasiyalar üzrə prorektor, Millət vəkili Pərvin Kərimzadə çıxışında qeyd edib ki, Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.  Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Müdrik dövlət xadimi günahkarların cəzalandırılmasını tələb etməklə Azərbaycan xalqının iradəsini birmənalı və konkret şəkildə ortaya qoydu. Ulu Öndər daha sonra – həm Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri olarkən, həm də xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə gəldikdən sonra da bu məsələləri daim diqqət mərkəzində saxladı. Onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Heydər Əliyev 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. 1994-cü il mart ayının 29-da ölkə parlamenti tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Beləliklə, 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.

Bu gün xatirəsini daim əziz və uca tutduğumuz şəhidlərimizin ruhu şaddır. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin hərbi və siyasi bacarığı nəticəsində, qüdrətli ordumuzun rəşadəti sayəsində, xalqın həmrəyliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qarabağ zəfəri ilə şəhidlərimizin intiqamı alındı və onların qanı yerdə qalmadı. Mənfur düşmən tərəfində işğal olunmuş ərazilərimiz tam azad olundu və daha sonra dağıdılmış infrastrukturun, xaraba qoyulmuş şəhər və kəndlərin bərpası dövlətimizin qarşısında duran əsas məsələlərdən birinə çevrildi. Prezident İlham Əliyevin göstərişi ilə Ağdam rayonunun Azərbaycan dövlətinin nəzarətində olan ərazisində son illər ərzində böyük abadlıq və quruculuq işləri aparılmışdır. Artıq Azərbaycan vətəndaşları yanvarın 24-dən Şuşa və Ağdama səfər edə biləcəklər.

Konfransda Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə “20 Yanvar faciəsi: tarix, faktlar, təhlillər” , Sosial fənlər kafedrasının müdiri Asim Məmmədov “Dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüzü” , Azərbaycan və Dünya ədəbiyyatı kafedrasının dosenti Səba Namazova “20 Yanvar xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir” və həmin kofedranın baş müəllimi Aygün Əhmədova “20 Yanvar” – Qan yaddaşımız” adlı məruzələrlə çıxışlar etmişlər.

20 Yanvar qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizi dərin hüznlə, böyük ehtiramla, qürurla yad edir və uca Allahdan onlara rəhmət diləyirik!